Normal view

Yesterday — 29 June 2026Main stream

Entso Mareska – “Mançester Siti”nin yeni baş məşqçisi!

29 June 2026 at 20:00

“Çelsi”nin sabiq baş məşqçisi, italiyalı futbol mütəxəssisi Entso Mareska bundan sonra İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edəcək.

Arena.az bu barədə “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 3 illik (2029-cu ilin yayınadək) müqavilə imzalanıb.

Mareska bu postda Xosep Qvardiolanı əvəzləyib. Hansı ki, o, vaxtilə bu mütəxəssisin rəhbərliyi altında Mançester klubunda köməkçi məşqçi kimi də çalışıb.

“Mançester Siti” 2025/2026-cı illər mövsümü bitən kimi ispaniyalı baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayırıb.

Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edirdi. O, “şəhərlilər”i indiyə qədər 593 oyuna çıxarıb, 423 qələbə, 77 heç-heçə və 93 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. Belə ki, o, bu komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Federasiya Kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

İspaniyalı mütəxəssis daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

Entso Mareska isə son olaraq “Çelsi”ni çalışdırıb. O, 2024-cü ilin yayında bu komandaya baş məşqçi təyin edilmiş və 2025-ci ilin dekabrında istefaya göndərilmişdi. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 92 oyun keçiriblər, 55 qələbə, 16 heç-heçə, 21 məğlubiyyət görüblər.

Mareska “Çelsi”ni 2024/2025-ci illər mövsümündə həm Avropa Konfrans Liqasının, həm də klublararası dünya çempionatının qalibi edib.

İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

❌
❌