Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella dünya çempionatının qrup mərhələsinin son turunda ABŞ yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, rəqib üzərində 3:2 hesablı qələbədən sonra komandasının turniri başıuca tərk etdiyini bildirib.
Los Ancelesdə keçirilmiş qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən Vinçentso Montella futbolçularını yüksək qiymətləndirib. O, komandanın artıq pley-off şansını itirməsinə və tribunaların böyük hissəsinin ABŞ yığmasını dəstəkləməsinə baxmayaraq, oyunçuların xarakter, bacarıq və əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb:
“Biz evə başımız dik qayıda bilərik. Futbol bəzən ağrılı olur, amma oyunun sonunda emosiyalarımı gizlədə bilmədim. Bu matç mənim üçün 1000 qələbədən daha çox məna daşıyır”, – deyə Montella bildirib.
İtaliyalı mütəxəssis qeyd edib ki, Türkiyə millisi turnir ərzində kifayət qədər qol epizodu yaradıb, lakin onları reallaşdıra bilməyib. O, qaçırılan imkanlara görə ayrı-ayrı futbolçuları günahlandırmaq niyyətində olmadığını söyləyib.
Montellanın sözlərinə görə, komanda ilk iki oyunda bəxtsiz olub və həmin görüşlərdən heç olmasa birində heç-heçə əldə edilsəydi, vəziyyət tamamilə dəyişə bilərdi. Bununla belə, o, “futbolun hər zaman ədalətli olmadığını” da etiraf edib.
Baş məşqçi əlavə edib ki, final fitindən sonra komandada yaşanan sevinc milli qürurun təzahürü idi və bu, ona gələcəyə nikbin baxmağa əsas verir.
Türkiyə millisi 2002-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak edib. Montella komandanın növbəti mundiala vəsiqə qazanmaq üçün yenidən 24 il gözləməyəcəyinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, daha böyük uğurlara 24 ildən sonra deyil, daha tez nail olacağıq”, – deyə o vurğulayıb.
“Məqsədimiz qrupu lider başa vurmaq idi və buna nail olduq”
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino isə Türkiyəyə 2:3 hesablı məğlubiyyətə baxmayaraq, qrup lideri kimi pley-offa yüksəlmələrindən razı qaldığını bildirib:
“Bu ana qədər heç kim bizi qrupda birinci yeri tutmağımız münasibətilə təbrik etməyib. Mən futbolçuları, məşqçilər korpusunu və azarkeşləri çox çətin qrupda birinci yeri tutduqları üçün təbrik edirəm. Məqsədimiz qrupu lider başa vurmaq idi və buna nail olduq. Mən pozitivəm və xoşbəxtəm. Suallarınız bir qədər qəribədir”, – deyə Maurisio Poçettino jurnalistlərə bildirib.
Poçettino əlavə edib ki, bu məğlubiyyəti dəyərləndirərkən ABŞ millisinin artıq pley-offa vəsiqəni təmin etdiyini və Paraqvayla Avstraliya üzərindəki qələbələrdən sonra start heyətində ciddi dəyişikliklər etdiyini nəzərə almaq lazımdır.
“Bir komanda artıq pley-offa vəsiqə qazandıqda, digər komanda isə turnirlə vidalaşdıqda, çox mürəkkəb situasiyalar yaranır”, – deyə argentinalı mütəxəssis sözlərini yekunlaşdırıb.