Kannavaro: “Bura Özbəkistanı tanıtmaq üçün gəlmişik”
Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılmış özbəklər DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdığı Kolumbiyaya 1:3 hesabıyla məğlub olublar.
Fabio Kannavaro məğlubiyyətdən sonra fikirlərini bölüşüb:
“Maraqlı oyun alındı. İkinci hissədə matçın gedişatını dəyişə bildik. Sol cinah vasitəsilə təhlükəli hücumlar qurur, oyuna nəzarəti ələ almağa çalışırdıq.
Hər şeydən əvvəl biz bura Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən komandaya həmişə deyirəm ki, matç boyu fəal və cəsarətli oynamaq lazımdır. Kolumbiya kimi komandaya qarşı top olmadan oynamaq asan deyil.
Ümumilikdə ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq. Bu oyunu xatırlayacağıq, çünki o, tarixidir. Biz dünya çempionatındayıq. Deyə bilərəm ki, bu qarşılaşma bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik.
Futbolçularımla fəxr edirəm. Onlar yaxşı oynadılar. Bu gün çox çətin matç idi. Belə bir stadionda, belə azarkeşlər qarşısında oynamaq asan deyil. Amma bu, eyni zamanda əlavə motivasiya da verə bilər”.
Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenso isə qələbəni şərh edib:
“Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Qələbə böyük sevincdir. Lakin bir çox futbolçular yorğun təsir bağışlayırdılar. Bu, həm emosional, həm də fiziki gərginliklə bağlı idi.
Bundan əlavə, müəyyən çətinliklər yaşayırdıq, çünki hamı bizdən yalnız inamlı qələbə gözləyirdi. Düşünürəm ki, Özbəkistan yığmasının gücünü həqiqətən yalnız məşqçilər korpusu tam dərk edirdi”.