Reading view

Joan Manzambi 24 illik rekordu yenilədi

Futbol üzrə İsveçrə milli komandasının 20 yaşlı mərkəz yarımmüdafiəçisi Joan Manzambi dünya çempionatlarının tarixinə düşüb.

Arena.az xəbər verir ki, gənc yarımmüdafiəçi buna DÇ-2026-nın B qrupunun 2-ci turunda Bosniya və Herseqovinanı məğlub etdikləri matçda nail olub.

O, mundiallarda əvəzetmədən meydana çıxaraq dubl edən ən gənc oyunçu olub. Manzambi bunu 20 yaş 247 günündə bacarıb.

Əvvəlki rekord DÇ-2002-də Sloveniyaya qarşı görüşdə iki dəfə fərqlənmiş paraqvaylı Nelson Kuevasaya (22 yaş 153) məxsus idi.

Xatırladaq ki, İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə üstələyib.

Joan Manzambi bu oyunda vurduğu iki qoldan sonra təəssüratlarını bölüşüb. Qələbədə əsas pay sahiblərindən biri olan futbolçu bu uğurun karyerasında xüsusi yer tutduğunu bildirib.

“Fikrimcə, bu, karyeramın ən yaxşı anıdır. Dünya çempionatına uğurlu başlaya bilməməyimizin səbəblərini bilirdik. Bu oyunda isə soyuqqanlı davranmağı bacardıq. Bizim çox yaxşı komandamız var və bunu bu gün meydanda göstərdik”.

Murat Yakin: “Su fasiləsini gözləməyə qərar verdik ki…”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakin dünya çempionatının qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyunda İsveçrə millisi rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün vacib olan bütün enerjimizi meydanda qoymaq və həll yolları tapmaq idi. Bizə səbir göstərmək lazım idi. Taktiki dəyişiklikləri etmək üçün su fasiləsini gözləməyə qərar verdik ki, rəqibin buna reaksiya vermək imkanı olmasın.

Daha sürətli futbolçuları meydana buraxdıq və rəqib yorulduqdan sonra boş zonalar yaranmağa başladı. Biz də həmin boşluqlardan istifadə edərək matçın taleyini inamlı şəkildə həll etdik”.

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez də məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Su fasiləsinə qədər meydanda daha yaxşı oynayan komanda biz idik. Yaxşı çıxış edir, rəqibə təzyiq göstərirdik.

İsveçrə çox güclü futbolçulara malik yaxşı komandadır və onlar boş zonalardan istifadə etməyi bacarırlar. Nəticədə bizi cəzalandırdılar. Amma həyat belədir.

Bu, son 10 oyunda ilk məğlubiyyətimizdir, lakin həyat bununla bitmir. Qarşıda daha bir oyunumuz var və biz həmin matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

DÇ-2026: İsveçrə millisi 3 xalı 4 qolla qazandı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Los Ancelesdə (Kaliforniya, ABŞ) keçirilmiş B qrupunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar. Qalib komandanın heyətində Joan Manzambi (74, 90) dubla imza atıb. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7, penaltidən) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmiç (90+3) vurub.

Bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.

DÇ-2026
B qrupu
18 iyun

İsveçrə – Bosniya və Herseqovina 4:1
Qollar: Joan Manzambi, 74; 90. Ruben Varqas, 84. Qranit Caka, 90+7-pen – Ermin Mahmiç, 90+3.

Növbəti oyunların proqramı:

19 iyun

B qrupu
02:00. Kanada – Qətər

A qrupu
05:00. Meksika – Cənubi Koreya

D qrupu
23:00. ABŞ – Avstraliya

❌