Amin Seydiyev “Zirə”də – Rəsmi
2025/2026-cı illər mövsümü bitən kimi “Sabah”dan ayrılmış müdafiəçi Amin Seydiyev növbəti mövsümdən “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Amin Seydiyevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
“Qəbələ”nin yetirməsi olan Amin Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt komandasının heyətində meydana çıxdığı 186 oyunda 7 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub. Amin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Sağ cinah müdafiəçisi olan futbolçu “Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu bayram edib, iki dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
2020-ci ildə Azərbaycan millisində debüt etmiş Seydiyev indiyə qədər meydana çıxdığı 13 matçda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Zirə” daha öncə Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov və Enrike Kustodio ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev isə komandanı tərk ediblər.