Reading view

Hidayət Heydərov fərqli çəki dərəcəsində yarışacaq

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, təcrübəli idmançı bundan sonra 81 kq-da çıxış edəcək.

Los Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlar arasında Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) çıxış edəcəklər.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.

Xatırladaq ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

Kristiano Ronaldo – 6 müxtəlif DÇ-də qol vuran ilk futbolçu!

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyun Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, futbol üzrə dünya çempionatları tarixində yeni rekordlara imza atıb.

Altı müxtəlif dünya çempionatında qol vuran ilk futbolçu

40 yaşlı hücumçu 5:0 hesablı qələbəyə sevindikləri bu oyunda dubla imza atıb. Ronaldo matçın 6-cı dəqiqəsində Joao Kanselonun ötürməsini dəqiq tamamlayaraq hesabı açıb. Bu qol sayəsində portuqaliyalı ulduz dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vurmuş ilk futbolçu olub.

Buna qədər Ronaldo bu rekordu Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü. Hər iki futbolçu beş müxtəlif dünya çempionatında fərqlənməyi bacarmışdı.

Ronaldo mundiallarda ilk qolunu 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında vurub. O, daha sonra 2010, 2014, 2018, 2022 və nəhayət 2026-cı il dünya çempionatlarında da rəqib qapılarına yol tapıb.

Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular arasında ilk üçlükdə

Özbəkistanla qarşılaşma Ronaldo üçün dünya çempionatlarındakı 24-cü oyun olub. Bununla da o, italiyalı əfsanə Paolo Maldinini geridə qoyub və almaniyalı Miroslav Kloze ilə birlikdə üçüncü pilləyə yüksəlib.

Hazırda mundial tarixində Ronaldodan daha çox oyun keçirən yalnız iki futbolçu var:

Lionel Messi – 28 oyun;
Lotar Matteus – 25 oyun.

Dünya çempionatında qol vuran ikinci ən yaşlı futbolçu

Ronaldo həmçinin dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu kimi tarixə düşüb.

41 yaşlı hücumçu bu göstəricidə yalnız Kamerun millisinin sabiq hücumçusu Rojer Milladan geri qalır. Milla 1994-cü il dünya çempionatında Rusiya millisinə qarşı oyunda 42 yaşında fərqlənmişdi.

Bundan əlavə, Ronaldo dünya çempionatları tarixində 40 yaşdan sonra dubla imza atan ilk futbolçu olub.

Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu

Ronaldo matçın 39-cu dəqiqəsində Bruno Fernandesin ötürməsindən sonra ikinci qolunu vuraraq dünya çempionatlarında qollarının sayını 10-a çatdırıb.

Bununla da o, Portuqaliya millisinin əfsanəsi Eysebionu geridə qoyaraq ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.

Ronaldo həmçinin mundial tarixində 10 qol həddinə çatmış 16-cı futbolçu kimi də tarixə düşüb. Hazırda dünya çempionatlarının bombardirləri siyahısına 18 qolla Lionel Messi başçılıq edir.

Kristiano Ronaldo Maradona və Neymarı geridə qoydu

Ronaldonun ilk qolu onun dünya çempionatlarındakı qol sayını 9-a çatdırmışdı. Bu göstərici ilə o, Argentina futbolunun əfsanəsi Dieqo Maradona və Braziliya millisinin ulduzu Neymar da daxil olmaqla yeddi futbolçunu geridə qoymuşdu. İkinci qoldan sonra isə Ronaldonun hesabında artıq 10 qol var.

Karyerasında 975-ci qol

Özbəkistanla matçda qeydə alınmış dubl sayəsində Ronaldo peşəkar karyerasındakı qollarının sayını 975-ə çatdırıb.

Bu qollardan:

145-i Portuqaliya millisinin heyətində;
830-u isə klub səviyyəsində vurulub.

Beləliklə, təcrübəli hücumçu karyerasında 1000 qol həddinə daha da yaxınlaşıb.

İlk oyundakı uğursuzluqdan sonra möhtəşəm dönüş

Portuqaliya millisi DÇ-2026-ya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə ilə başlamışdı. Həmin oyunda Ronaldo demək olar ki, görünməz olmuş və yığmanın heyətində böyük turnirlərdə ardıcıl 10 oyunda qol vurmamaqla şəxsi antirekordunu müəyyənləşdirmişdi.

Lakin Özbəkistanla görüşdə 41 yaşlı futbolçu yenidən özünü ən yüksək səviyyədə göstərərək tənqidlərə cavab verib.

Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Portuqaliyalı superulduz beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, Portuqaliya millisi iki turdan sonra 4 xalla K qrupuna başçılıq edir. Qrupun son turunda portuqaliyalılar Kolumbiya ilə qarşılaşacaqlar.

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunur. Mundial iyulun 19-da başa çatacaq.

Domi Massumu “Qəbələ”dən ayrıldı, Ermənistana üz tutdu

Futbol üzrə Konqo milli komandasının hücumameyilli yarımmüdafiəçisi Domi Massumu “Qəbələ” klubundan ayrılaraq Ermənistana üz tutub.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsinin müddəti bu yay başa çatırdı.

O, azad agent statusuna malik olduğu üçün Azərbaycan klubundan ayrılmağa qərar verib. Konqolu vinger Ermənistanın “Alaşkert” klubundan aldığı təklifi müsbət dəyərləndirib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Domi Massumu 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri bu komandanın heyətində geridə qalmış mövsümdə 39 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Domi Jaures Massumu daha öncə vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Qeyd edək ki, Massumu bu yay Azərbaycandan ayrılandan sonra Ermənistana üz tutmuş ikinci legionerdir. Ondan öncə ötən mövsümü “Şamaxı”da keçirmiş braziliyalı müdafiəçi Sezar Enrike də “Alaşkert”lə müqavilə imzalamışdı.

“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollandı – Siyahı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriyadakı yay təlim-məşq toplanışına apardığı futbolçuların siyahısı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisinin heyətində 25 futbolçu yer alıb. Onların arasında baş məşqçi Qurban Qurbanovun ötən mövsümün sonunda əsas heyətdən kənarlaşdırdğı Elvin Cəfərquliyev də var:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Mateus Koxalski, Martin Zlomisliç, Bilal Hacıyev;

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Mateus Silva, Dani Bolt, Jeremi Qnali, Bruno Lanqa, Elvin Cəfərquliyev, Məhəmməd İmaməliyev;

Yarımmüdafiəçilər: Abdullah Zubir, Leandro Andrade, Xoni Montiel, Marko Yankoviç, Pedro Bikalyo, Aleksey Kaşuk, Kadi Borges, Samuel Lobato, Jali Muaddib, Hikmət Cəbrayılzadə, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov, Məhəmməd-Şahin Abbasov;

Hücumçular: Musa Qurbanlı, Zəkəriyyə Savo, Kamilo Duran.

Qalan bütün futbolçular Ağdam klubunun Tiroldakı düşərgəsində yer alsalar da, yeni transferlərdən olan Martin Zlomisliç Bosniya və Herseqovina yığmasının DÇ-2026-dakı çıxışını başa vurmasından sonra heyətə qoşulacaq.

Xatırladaq ki, “Qarabağ” bu gün yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb. Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol”la qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

❌