Reading view

Hossam Hassan: “İstərdim ki, bu nəsil gələcəyini özü müəyyən etsin”

Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş görüşü Misirin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədə futbolçulara dedim ki, qələbə qazanmaq əzmi ilə dolmadan və bizə göstərilən dəstəyə görə qürur hiss etmədən meydana qayıtmayacağıq.

Misir futbol ictimaiyyətinə özünəinam qazanmaq, güclü tərəflərindən istifadə etmək, final mərhələsinə gedən yolu təhlil etmək, eləcə də bu imkanları yaratmağa çalışan əvvəlki nəsillərin zəhmətini qiymətləndirmək üçün zamana ehtiyac var idi”.

Baş məşqçi hazırkı futbolçu nəslinin öz taleyini özü müəyyən etməsini istədiyini də vurğulayıb.

“İstəyirdim ki, bu nəsil öz gələcəyini, öz yolunu özü müəyyən etsin. Biz həmçinin milli çempionatın və ümumilikdə Afrika futbolunun inkişafını davam etdirmək istəyirik”.

Hossam Hassann komandanın lideri Məhəmməd Salahın çıxışına da toxunub:

“Salah meydanda çox çalışdı və bunu bilməlisiniz. Ola bilsin ki, onun təhlükəliliyinə, bacarığına və keyfiyyətlərinə ən uyğun mövqedə oynamasına imkan verən ilk məşqçi mənəm. Biz bir çox məqamlar üzərində işləmişik və əminəm ki, onu hələ dəfələrlə meydanda görəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli də oyundan sonra fikirlərini bölüşüb. Mütəxəssis komandasının ilk hissədə yaxşı çıxış etdiyini, lakin ikinci yarıda oyunun tempini itirdiyini bildirib:

“Məyusuq. Birinci hissədə çox yaxşı oynadıq. Topa nəzarətdə üstün idik və çoxlu təhlükəli epizodlar yaratdıq. İkinci hissəyə çıxanda hər şeyin qaydasında olacağını düşünürdüm, amma oyunun tempini tuta bilmədik.

Misir sürətini artırdı və biz ilk hissədə uğurla etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə bu, bizə zərər verdi. Tarixi uğura qədər cəmi bir oyunumuz qalıb. Bilirik ki, indi Belçikanı məğlub etməliyik”.

DÇ-2026: Misir yığmasından inamlı və əzmkar qələbə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Yeni Zelandiya və Misir yığmaları üz-üzə gəliblər. Vankuverdə (Kanada) keçirilmiş G qrupunun matçında qapılara qapılara 4 qol vurulub. Hesabı Yeni Zelandiyanın açdığı görüşün yekununda Afrika təmsilçisi əzmkar qələbəyə sevinib.

Beləliklə, hazırda G qrupunda Misir yığması 4 xalla vahid liderdir. İran və Belçika yığmalarının 2 xalı var. Yeni Zelandiya yığması isə 1 xalla son pillədə qərarlaşıb.

DÇ-2026
G qrupu
22 iyun

Yeni Zelandiya – Misir 1:3
Qollar: Finn Surman, 15 – Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.

Rudi Qarsiya: “Misirə qalib gələ bilərdik”

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsinin ilk turunda Misirə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sietldə (ABŞ, Vaşinqton) baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Rudi Qarsiya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünya çempionatı kimi turnirin ilk oyunu həmişə çətin olur, xüsusilə də Misir kimi Afrikanın ən güclü yığmalarından birinə qarşı oynayanda. Vacib olan odur ki, biz təslim olmadıq. Ehtiyatdan meydana daxil olan futbolçunun sayəsində hesabı bərabərləşdirə bildik və bu, bütün komandanın nə qədər vacib olduğunu göstərir. Bu, iki çox yaxşı milli komanda arasında baş tutan əla bir oyun idi. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq. Fikrimcə, qələbə də qazana bilərdik”.

Misir yığmasının baş məşqçisi Hossam Hassan da heç-heçədən sonra komandasının oyununu yüksək qiymətləndirib:

“Futbolçularımla fəxr edirəm. Son iki il ərzində üzərində çalışdığım taktiki ideyaları meydanda necə həyata keçirdiklərindən razıyam. Mən onlara həmişə deyirdim ki, fərqli futbol oynamalıyıq və istənilən komandaya qarşı mübarizə apara bilərik. Bizim üçün ən vacib məqsəd növbəti mərhələyə yüksəlməkdir. Qarşıdakı oyunlarda vəziyyəti daha da yaxşılaşdırmaq şansımız var”.

Qeyd edək ki, bu matçın son dəqiqələrində Misirin futbolçuları Zizonun belçikalı müdafiəçi ilə toqquşmadan sonra yıxıldığı epizoda görə penalti təyin olunmasını tələb etsələr də, onların etirazı qəbul edilməyib. Baş məşqçi həmin epizoda da toxunub:

“Biz qələbəyə çox yaxın idik və həmin epizodda bizim xeyrimizə penalti verilməli idi”.

DÇ-2026: Belçika Misirlə “sülh”ə razılaşdı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Belçika və Misir yığmaları üz-üzə gəliblər. Sietlə (ABŞ, Vaşinqton) təşkil edilmiş G qrupunun matçında qalib müəyyənləşməyib. Afrikalıların heyətində Emam Aşur, Avropa təmsilçisində isə Romelu Lukaku diqqət mərkəzinə düşüb.

Bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

Belçika – Misir 1:1
Qollar: Romelu Lukaku, 66 – Emam Aşur, 19.

İyunun 16-da daha 3 oyun keçiriləcək. Növbəti oyunların proqramını təqdim edirik:

H qrupu
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

G qrupu
05:00. İran – Yeni Zelandiya

İ qrupu
23:00. Fransa – Seneqal

❌