Reading view

AFFA PFL-dən geri qalsa da…

AFFA, qurumun İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi barədə açıqlama yayıb.

Arena.az xəbər verir ki, ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarına ödənişlər həyata keçirilib.

Daha öncə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən bu barədə rəsmi xəbəri diqqətinizə çatdırmışdıq. Üstündən bir neçə saat keçdikdən sonra AFFA da oxşar açıqlama yayıb. Xəbərdə bunlar qeyd edilib:

“Bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb. AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır”.

Sözardı…

Sonda onu da vurğulayaq ki, bu iki qurumun ayrı-ayrılıqda bonus məbləğini sanki özü veribmiş kimi ictimaiyyətin diqqətinə çatdırması kənardan heç də yaxşı təsir bağışlamır. Görünür, son dövrlərdə bu qurumların rəhbərlikləri arasındakı münasibətlərin qaydasında olmaması barədə xəbərlər heç də şayiə deyil və yekun mənzərə belə xoşagəlməz görüntü yaradır.

PFL klublara 2 milyon 610 min manat mükafat payladı

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara 2 milyon 610 min manat mükafat ödəyib.

Arena.az xəbər verir ki, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Elçin Qasımov PFL tərəfindən mükafatlandırıldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilən Əvəzedicilər Liqasının bombardiri Elçin Qasımov mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasında 2025/2026-ci illər mövsümünün bombardiri “Turan Tovuz”un ikinci komandasının üzvü Elçin Qasımov olub. 21 qolla çempionatın ən sərrast futbolçusu olan Tovuz komandasının hücumçusu xüsusi hədiyyə ilə mükafatlandırılıb. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Xatırladaq ki, “Sabah”ın əvəzedici komandasının üzvü Ramil Nuraxmedov 14 qolla ikinci olub. Nuraxmedovun komandası 59 xalla mövsümü çempion kimi başa vurub. “Qəbələ-2” 58 xalla gümüş, “Neftçi-2” 53 xalla bürünc medallara sahib çıxıb. Tovuz təmsilçisi isə 34 xalla 6-cı yeri tutub.

❌