“Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”
“Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni məğlub edib – 2:0. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə bir qol, bir məhsuldar ötürmə ilə oynayıb.
Klubun keçmiş idman direktoru Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında kamerunlu hücumçunun debütündən danışdı:
“Futbolçuya lazım olan qol və ötürmə idi ki, Abubakar debütündə bunu etdi. Yaxşı haldır. Lakin məni maraqlandıran onun hansı durumda olmasıdır. Düzdür, ustalıq səviyyəsi, keyfiyyəti var. Amma hərəkətlərindən görünür ki, ağırdır, hələ hazır deyil. Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”.
Veteran futbolçu Abubakarın zamana ehtiyacı olduğunu vurğuladı:
“Abubakarın hansı faydasının olacağını zaman göstərəcək. Yaxşı karyeraya sahibdir, peşəkardır və təcrübəlidir. “Neftçi”də qol vurma problemi var idi, amma artıq Abubakarın gəlişindən sonra hər oyun belə problem yaşamayacaqlarını da demək olmaz. Ona görə zamana buraxmaq lazımdır”.
Şahin Cəfərov