Reading view

“Favorit sayılmırıq, amma oyunumuzla insanları təəccübləndirməyi bacarırıq”

Premyer Liqanın IX turunda “Kəpəz”i məğlub edən “İmişli” Azərbaycan Kubokunda da II təsnifat mərhələsini adlayıb. Bölgə təmsilçisi bu raundda “Qaradağ Lökbatan”ı mübarizədən kənarlaşdırıb.

“İmişli”nin futbolçusu Rafael Vieqaş “Futbolpress.az“a açıqlamasında ardıcıl qələbələrlə bağlı fikirlərini bildirdi:

“Həm “Kəpəz”, həm “Qaradağ Lökbatan”a qarşı yaxşı oyun nümayiş etdirdik. Hər matçda favorit sayılmırıq, amma meydandakı oyunumuzla insanları təəccübləndirməyi bacarırıq. “Kəpəz”lə oyunda rəqibin azlıqda qalmasından sonra daha çox boşluq yarandı və bundan düzgün istifadə etdik. Ardıcıl qələbələr komanda ruhunun, intizamlı işin və texniki heyətin bir ailə kimi birləşməsinin nəticəsidir”.

Portuqaliyalı futbolçu komandanın ev oyunlarını keçirdiyi Quba stadionunun ot örtüyünün yaxşı olmamasına da toxundu. O, oyunçu kimi istənilən meydançaya uyğunlaşmağı bacardığını söylədi. Cinah oyunçusu komandanın çempionatdakı növbəti rəqibi “Qarabağ”dan da danışdı:

“Rəqiblər narazılıq edir. Amma şərait hər iki komanda üçün eynidir. Ev oyunlarımızı burda keçiririk və hər matçda maksimum nəticə üçün oynayırıq. Məsələ meydança yox, yaxşı oynamaq, qələbə qazanmaqdır.

“Qarabağ” qələbəyə oynayan komandadır. Onlara qarşı ciddi hazırlaşacağıq və çalışacağıq ki, formada olaq. Ümid edirəm ki, maraqlı və səviyyəli oyun olar. Bizim öz üslubumuz var və buna sadiq qalıb, potensialımızı göstərməyə çalışacağıq”.

Bu yay heyətə cəlb edilən Vieqaş Azərbaycan çempionatı haqda təəssüratlarını bölüşdü:

“Azərbaycan Premyer Liqası çox rəqabətli və maraqlı bir çempionatdır. Burada hər komanda istənilən rəqibə qarşı nəticə qazana bilər və bu, liqanı həm çətin, həm də daha cəlbedici edir. Mənim üçün bu mühitdə oynamaq həm dəyərli təcrübə, həm də böyük bir inkişaf fürsətidir”.

Şahin Cəfərov

❌