Reading view

“Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür” (MÜSAHİBƏ)

“Sabah” akademiyasının koordinatoru Giorgi Minaşvilinin “Futbolpress.az“a müsahibəsi:

– Gürcüstan, Çin, İngiltərə və indi Azərbaycan. Sizi “Sabah”a gətirən nə oldu?
– “Sabah”dan təklif aldıqdan sonra ilk görüşüm idman direktoru ilə oldu. Açıq və ətraflı şəkildə mənim futbol baxışım, məşq metodologiyam və məşqçilik fəlsəfəm haqqında danışdıq. Qısa müddətdə başa düşdük ki, çox sayda oxşar fikirlərimiz var. Bundan sonra əməkdaşlığımızın əsası qoyuldu. Məni ən çox inandıran isə klubun vizyonu və ambisiyaları oldu. Hər şey aydın, strukturlaşdırılmış və irəliləyişə yönəlmişdi. Bu da mənə bu çağırışı qəbul etmək üçün inam verdi.

– Akademiya ilə ilkin tanışlıqda hansı təəssüratlarınız yarandı?
– Çox müsbət. İş mühiti, infrastruktur, məşq şəraiti məni çox təsirləndirdi. Burda hər şey yaxşı və peşəkar təşkil olunub. Komandada çalışanlar işlərinə sadiqdirlər. Bu mühiti görəndən sonra məndə daha çox enerji vermək istəyi yarandı. İşə başlamışıq və komandaların, məşqçilərin, futbolçuların səviyyəsini yüksəltmək istəyirik. Əminəm ki, bir neçə il ərzində “Sabah” akademiyası əsas komanda üçün yaxşı oyunçular yetişdirəcək səviyyəyə çatacaq.

– Daha əvvəl fərqli ölkələrdə, klublarda işləmisiniz. “Sabah” akademiyasının onlardan ilkin hansı fərqlərini müşahidə etdiniz?
– Təxminən 19 illik məşqçi təcrübəm var. Hər ölkənin öz futbol tarixi və ənənələri var. Bunu qəbul etmək lazımdır. Hər akademiya peşəkar standartlara və inkişaf proqramına, metodologiyaya sahib olmalıdır. U-8-dən başlayaraq U-17-yə qədər bütün komandaların bir futbol fəlsəfəsi olmalıdır. İnkişaf səviyyələrinə çatmaq üçün çalışmaq lazımdır. Bizim fəlsəfəmiz ağıllı oyun, mövqe məsələləri, topa sahib olarkən və topu itirəndən sonra zamanlama, keçidlər və s. anlayışları qavramaq, təkmilləşməkdir. Bu sistemi Gürcüstanda “Dinamo” və “Lokomotiv”də tətbiq etmişdik və sonradan yüksək səviyyəyə çatan bir çox futbolçu oldu.

– Gürcüstanın futbolda öndə siması Xviça Kvaratsxeliyadır (PSJ, Fransa). “Dinamo”nun yetirməsidir və indi hansı səviyyədə olduğu hamıya məlumdur. Bəs Azərbaycanın belə oyunçusu olması üçün nə etmək lazımdır?
– Əsas məqsəd akademiyada vahid məşq metodologiyası və oyun fəlsəfəsi formalaşdırmaqdır. Bu prosesə artıq başlamışıq. Məşqçilər heyətinin motivasiyası, həvəsi məni çox sevindirir. Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür. Buna nail olmaq üçün üç istiqamət var:

  1. Düzgün seçim prosesi.

Akademiyadakı bütün məşqçi və skautların izləyəcəyi aydın skautinq meyarları və prinsipləri tətbiq edəcəyik.

  2. Bütün mərhələlərdə strukturlaşdırılmış inkişaf.

Oyunçunun texniki, taktiki, fiziki və psixoloji inkişafı üzərində işləməliyik. Bununla yanaşı, onların düşüncə tərzini, dözümlülüyünü və fiziki hazırlığını inkişaf etdirməliyik — çünki bu keyfiyyətlər təzyiq altında çıxış etmək və uzunmüddətli irəliləyiş üçün vacibdir.

   3. Fərdi inkişaf proqramları.

Hər bir oyunçunun fərdi inkişaf planı olmalıdır — burada onun inkişaf yolu və performans məqsədləri müəyyənləşdirilir.
Bu proses müntəzəm analiz, planlaşdırma və davamlılıq tələb edir.

– “Sabah”da görmək istədiyiniz işlər hansılardır?
– Bu, tək bir iş deyil, mənalı bir sistem qurmaqdır. Məqsədimiz tək bacarıqlı futbolçular deyil, həm də klubun dəyərlərini meydanda və meydandan kənarda təmsil edən ağıllı fərdlər yetişdirməkdir. “Sabah” akademiyasının strukturu, vizyonu və motivasiyası var. İnanıram ki, yaxın illərdə bu akademiya regionun aparıcı futbol mərkəzlərindən birinə çevriləcək.

Şahin Cəfərov

❌