Luka Modriç: “A Seriyası çox sərt və rəqabətli liqadır”
Xorvatiya yığmasının və “Milan”ın 40 yaşlı ulduz mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyası haqda qənaətini açıqlayıb.
Arena.az veteran ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Hüdudlarından kənarda olmaqla, siz, güman ki, İtaliya A Seriyasının nə qədər mürəkkəb olduğunu anlamırsınız. Amma sizi əmin edirəm, bu, çox sərt və rəqabətli liqadır”, deyə Modriç vurğulayıb.
Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.
Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.
Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.