Normal view

Before yesterdayMain stream

Harri Uinks “Lester Siti”ni “Kalyari”yə dəyişdi

15 July 2026 at 16:00

Futbol üzrə İngiltərə milli komandasının sabiq dayaq yarımmüdafiəçisi Harri Uinks “Lester Siti”dən ayrılaraq İtaliyanın “Kalyari” klubuna keçib.

Arena.az bu barədə hər iki klubun rəsmi açıqlamasına əsasən xəbər verir.

30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə bağlayıb.

Harri Uinks 2023-cü ilin yayında “Tottenhem”dən “Lester Siti”yə keçmişdi. O, üç mövsüm ərzində bütün turnirlərdə 109 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçi 2023/24 mövsümündə 45 çempionat matçında iştirak edərək komandanın Çempionşipi qazanmasına və Premyer Liqaya yüksəlməsinə mühüm töhfə verib.

1996-cı ildə İngiltərənin Hemel-Hempsted şəhərində anadan olmuş Uinks müdafiənin önündə oyunquran və ya mərkəz yarımmüdafiəçisi kimi çıxış edə bilir. O, yüksək texniki hazırlığı, oyun qurmaq bacarığı, taktiki intellekti və həm müdafiədə, həm də hücumda faydalı oyunu ilə seçilir.

Uinks “Tottenhem” akademiyasının yetirməsidir. O, əsas komandada debütünü 2014-cü il noyabrın 27-də Avropa Liqasının “Partizan”a qarşı oyununda edib. London klubunun heyətində bütün turnirlərdə 203 matç keçirən futbolçu 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

2022-ci ilin yayında icarə əsasında İtaliyanın “Sampdoriya” klubuna keçən yarımmüdafiəçi burada A Seriyasında 20 oyuna çıxıb. Daha sonra vətəninə qayıdaraq “Lester Siti”yə transfer olunub.

Harri Uinks İngiltərənin aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. O, əsas millidə isə 10 oyunda meydana çıxaraq 1 qola imza atıb.

Danilo Duxi “Latsio”da

15 July 2026 at 08:00

Almaniyanın “Union Berlin” klubunun niderlandlı mərkəz müdafiəçisi Danilo Duxi bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Duxi ötən mövsümün sonunda “Union Berlin”lə müqaviləsinin başa çatmasından sonra azad agent statusunda Roma təmsilçisinə qoşulub.

Niderlandlı mərkəz müdafiəçisi son illərdə “Union Berlin”in əsas heyət üzvlərindən biri olub və həm Bundesliqada, həm də avrokuboklarda sabit çıxışı ilə seçilib. Duxi 2022-ci ildən formasını geyindiyi Almaniya klubunun heyətində 137 oyun keçirib, 16 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Danilo Duxi əvvəllər “Ekselsior”, “Ayaks”, “Vitess” kimi klubların da formasını geyinib.

Niderlandın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

Paulo Dibala daha bir mövsüm “Roma”da!

13 July 2026 at 17:00

“Roma”nın hücumçusu Paulo Dibala daha bir mövsüm bu komandada qalmağa qərar verib və İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi açıqlamasına görə, yeni müqavilə 2027-ci il iyunun 30-na qədər qüvvədə olacaq.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlamış Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.

Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi 140 oyun, 45 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Covanni Stroppa “Venesiya” ilə yeni müqavilə imzaladı

12 July 2026 at 21:00

Yeni mövsümdən futbol üzrə İtaliya A Seriyasında mübarizə aparacaq “Venesiya” baş məşqçisi Covanni Stroppa ilə yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, A Seriyasına vəsiqə qazannış İtaliya klubu 58 yaşlı mütəxəssislə sözləşmənin müddətini 2029-cu ilin yayına qədər uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Covanni Stroppa 2025-ci ilin yayından “Venesiya”nı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm B Seriyasının qalibi olaraq yenidən elitaya yüksəlib. İtaliyalı mütəxəssis bu komandanı 41 oyuna çıxarıb, 26 qələbə, 10 heç-heçə və 5 məğlubiyyət görüb.

“Venesiya”nın bu məşqçinin rəhbərliyi altında A Seriyasında necə çıxış edəcəyi maraqla gözlənilir.

Stroppa daha öncə “Südtriol”, “Peskara”, “Spesiya”, “Foca”, “Ktorone”, “Montsa” və “Kremoneze” kimi komandalara da rəhbərlik edib.

Mario Balotelli: “A Seriyasında məndən güclü hücumçu görmürəm”

12 July 2026 at 19:00

İtaliyalı mərkəz hücumçusu Mario Balotelli hesab edir ki, hazırda İtaliya A Seriyasında onun səviyyəsindən yüksək mərkəz hücumçusu yoxdur.

Arena.az xəbər verir ki, 36 yaşını avqust ayında qeyd edəcək təcrübəli futbolçu bu barədə İtaliya mətbuatına açıqlamasında danışıb:

“Söhbət sırf fərdi keyfiyyətdən gedirsə, hazırda İtaliyada məndən daha yüksək səviyyəli hücumçu görmürəm. Güclü futbolçular çoxdur, amma onların oyun üslubu fərqlidir”, – deyə Balotelli bildirib.

Qeyd edək ki, Balotelli hazırda Birləşmiş Ərəb Əmirlikləri çempionatında çıxış edir. Təcrübəli forvard 2026-cı ilin yanvarında BƏƏ klubu “Əl-İttifaq”la 2,5 illik müqaviləyə imza atıb.

İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa”, “Adana Dəmirspor”, “Lumessane”, “Syon”, “Cenoa” kimi klubların da formasını geyinib.

Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Paolo Maldini İtaliya millisində texniki direktor təyin olundu

12 July 2026 at 17:00

Futbol üzrə İtaliya milli komandasına yeni texniki direktoru vəzifəsinə bu ölkənin əfsanəvi oyunçularından sayılan Paolo Maldini gətirilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo əfsanəvi futbolçu Paolo Maldininin federasiyanın texniki direktoru təyin olunduğunu rəsmən açıqlayıb. Maldini bu vəzifədə Leonardo ilə birlikdə çalışacaq. “Milan”ın sabiq futbolçusu və funksioneri olan Leonardo texniki direktorun müşaviri (advisor) funksiyasını yerinə yetirəcək.

Bununla yanaşı, Covanni Malaqo Paolo Maldiniyə “Club Italia” strukturunun prezidentliyini də həvalə edib. Bu qurum İtaliyanın bütün milli komandalarının fəaliyyətinin əlaqələndirilməsinə cavabdehdir.

Malaqo yeni təyinatla bağlı fikirlərini belə ifadə edib:

“Paolo Maldini hər zaman əsas namizədim olub. Düşünürdüm ki, FIGC-nin texniki sektoruna rəhbərlik etmək üçün ən doğru şəxs odur. Bu vəzifə yalnız əsas millini deyil, bütün aşağı yaş qruplarından ibarət yığmaları da əhatə edir.

Son iki həftə ərzində bütün layihələri detallı şəkildə müzakirə etdik. Paolo ilk gündən Leonardo ilə birlikdə işləmək istədiyini bildirdi. Çünki qarşıda böyük, çətin və məsuliyyətli işlər var. Buna görə çox məmnunam. Leonardoya böyük hörmətim var.

Onlar eyni məqsədə xidmət edən iki mühüm simadır. Qarşıda dördillik layihə dayanır. Məqsədimiz 2030-cu il dünya çempionatına qədər olan dövrdə, aralıqda keçiriləcək Avropa çempionatını da nəzərə alaraq, İtaliya futbolunu daha da inkişaf etdirməkdir”.

Georgi Çakvetadze “Udineze”yə keçdi

11 July 2026 at 23:00

İtaliyanın “Udineze” klubu heyətini futbol üzrə Gürcüstan yığmasının hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameylli yarımmüdafiəçi İngiltərənin “Uotford” klubundan tamhüquqlu əsasda transfer olunub. Gürcüstan millisinin üzvü ilə 2030-cu ilin iyununun sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Klublar arasında gerçəkləşən transferin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Georgi Çakvetadze karyerası ərzində Gürcüstanın “Dinamo” (Tiflis), Belçikanın “Gent”, Almaniyanın “Hamburq” və İngiltərənin “Uotford” klublarında çıxış edib. O, həmçinin uzun illərdir Gürcüstan millisinin əsas oyunçularından biridir. Yarımmüdafiəçi indiyə qədər yığmanın heyətində 39 oyuna çıxıb, 10 qol vurub, 10 məhsuldar ötürmə verib.

Amorim: “Modriçi “Milan”da saxlamaq istəyirəm”

11 July 2026 at 14:00

Portuqaliyalı futbol mütəxəssis Ruben Amorim “Milan”ın baş məşqçisi vəzifəsinə təyinatını və İtaliya nəhəngində işə başlamasını şərh edib.

Arena.az portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Milan”da iş həmişə iddialarımdan biri olub. Bu klubun nə demək olduğunu dəqiq bilirəm. Burada olmağıma çox şadam. “Milan”ın baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir”.

Ruben Amorim komandanın təcrübəli yarımmüdafiəçisi Luka Modriçin gələcəyi ilə də bağlı açıqlama verib. Portuqaliyalı mütəxəssis bildirib ki, xorvatiyalı futbolçunun komandada qalmasını çox istəyir və bu istiqamətdə artıq onunla söhbət aparıb:

“Modriçi komandada saxlamaq niyyətindəyəm. Luka ilə artıq danışmışıq və ona komandamız üçün nə qədər vacib olduğunu izah etmişəm. Lazım gələrsə, onu qalmağa razı salmaq üçün şəxsən özüm də yanına gedəcəyəm. Modriç gələn mövsüm də bizimlə olmalıdır”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, 40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti iyulun 1-də başa çatıb. Bununla belə, İtaliya mətbuatında tərəflərin anlaşmanı daha bir mövsüm uzada biləcəyi barədə xəbərlər yayılıb. Amorimin açıqlaması da klubun bu planını təsdiqləyən növbəti siqnal kimi qiymətləndirilir.

Yeri gəlmişkən, “Milan”ın ulduzu Luka Modriç pərəstiş etdiyi futbolçulardan söhbət açıb. Xorvat futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Zvonimir Bobandan başqa, mən Françesko Tottiyə pərəstiş edirdim. Onları baxır və deyirdim: “Bu, mənim oynamaq istədiyim futboldur”, deyə Modriç vurğulayıb.

Mario Xila “Milan”da – 30 milyon avroluq keçid!

10 July 2026 at 23:59

İtaliyanın “Latsio” klubunun ispaniyalı mərkəz müdafiəçisi Mario Xila bundan sonra A Seriyasının digər təmsilçisi “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.

İtaliya nəhəngi 25 yaşlı futbolçunun “Latsio”dan tamhüquqlu əsasda transfer olunduğunu rəsmən açıqlayıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

İtaliya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 30 milyon avro təşkil edib.

Mario Xila Madrid “Real”ının akademiyasının yetirməsidir. Bu səbəbdən “kral klubu” futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 50 faizinə sahib idi. Nəticədə, bu transfer sayəsində Madrid təmsilçisi də təxminən 15 milyon avro gəlir əldə edəcək. “Latsio” isə bu oyunçunu 2022-ci ildə 21 milyon avro müqabilində heyətinə qatmışdı.

İspan müdafiəçi son üç mövsümü “Latsio”nun heyətində keçirib və bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilib. O, paytaxt təmsilçisinin heyətində 120 oyuna çıxıb, 2 qola imza atıb. Xila vaxtilə “Real”ın əsas komandasında da 2 oyun keçirib.

İspaniyanın U-21 yığmasında oynamış Xilaya əsas millidə debüt qismət olmayıb.

Santyaqo Ximenes yenə sıradan çıxdı

10 July 2026 at 07:00

Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun mərkəz hücumçusu Santyaqo Ximenes yenə uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Ximenes DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə yığmasına qarşı oyunda zədələnib və meydanı xərəkdə tərk etməli olub. Vurğulanır ki, əzələ bağlarının ikinci dərəcəli gərilməsi ilə üzləşmiş Ximenes 2 ay müddətinə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a 2025-ci ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Ximenes “Milan”ın heyətində indiyə qədər 37 oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 51 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Canluka Qaetano 12 milyon avroya “Atalanta”ya keçdi

10 July 2026 at 10:00

İtaliyanın “Kalyari” klubunun yarımmüdafiəçisi Canluka Qaetano bundan sonra A Seriyasının digər təmsilçisi “Atalanta”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Berqamo təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatdığını bəyan edib.

“Atalanta” bu transfer üçün 12 milyon avrosundan keçib. Müqaviləyə əlavə olaraq 2 milyon avroya qədər bonus ödənişləri də daxildir.

Berqamo klubu yeni transferi ilə bağlı müqavilənin müddətini və digər detallarını açıqlamayıb.

Canluka Qaetano “Napoli”nin yetirməsidir. O, bu klubda olarkən “Kremoneze” və “Kalyari”də icarədə olub. “Kalyari” 2025-ci ildə Neapol klubuna 6,2 milyon avro ödəməklə italiyalı futbolçunun transfer hüquqlarını da satın almışdı. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 76 oyunda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış Qaetanoya əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6,5 milyon avro məbləğində qiymətləndirir.

Lorenzo İnsinye “Sampdoriya”ya keçdi

9 July 2026 at 23:00

Futbol üzrə İtaliya milli komandasının sabiq sol cinah hücumçusu Lorentso İnsinye bundan sonrakı karyerasını “Sampdoriya”da davam etdirəcək.

Arena.az xəbər verir ki, Genuya təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

İnsinye 2026-cı ilin yanvarından etibarən “Peskara”nın formasını geyinirdi. O, B Seriyasında sonuncu yeri tutan komandanın heyətində keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Mövsüm başa çatdıqdan sonra isə o, sərbəst agent statusunda “Sampdoriya”ya keçib.

Xatırladaq ki, Lorentso İnsinye “Napoli”nin məzunudur. Hücumçu, karyerası ərzində “Kaveze”, “Foca”, “Peskara” və “Toronto”da da oynayıb.

İnsinye 2012-ci ilin sentyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 54 oyun keçirib, 4 qol vurub və 4 məhsudlar ötürmə verib.

Lorentso İnsinyenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaiya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku, həçminin “skuadra adzurra” ilə qazandığı 2020-ci il Avropma Çempionatı (AÇ-2020) var.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.

Radu Draquşin “Fiorentina”da

9 July 2026 at 18:30

İngiltərənin “Tottenhem” klubunun rumıniyalı mərkəz müdafiəçisi Radu Draquşin bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Klublar arasındakı razılaşmaya əsasən, Rumıniya millisinin 23 yaşlı futbolçusu 2026/2027-ci illər mövsümünü Florensiya təmsilçisində icarə əsasında keçirəcək. Müqavilədə mövsümün sonunda futbolçunun transfer hüquqlarının məcburi satın alınmasını nəzərdə tutan bənd də yer alıb. Keçid Florensiya təmsilçisinə 1,5 milyon avro məbləğ müqabilində başa gəlib.

Draquşin 2024-cü ilin yanvarında “Cenoa”dan “Tottenhem”ə transfer olunmuşdu. O, London klubunun heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rumın futbolçu karyerası ərzində “Cenoa”, “Tottenhem”, “Yuventus”, “Sampdoriya” və “Salernitana”da çıxış edib.

Rumıniya millisinin əsas heyət üzvlərindən olan müdafiəçi yığmanın formasını isə indiyədək 30 dəfə geyinib, 1 qol vurub.

Aleksandar Stankoviç və İvan Provedel “İnter”də

9 July 2026 at 10:00

Futbol üzrə İtaliya çempionu “İnter” heyətini iki yeni futbolçu – dayaq yarımmüdafiəçisi Aleksandar Stankoviç və qapıçı İvan Provedellə gücləndirib.

Arena.az bu barədə Milan klubunun rəsmi saytına istinadən xəbər verir.

Stankoviç Belçikanın “Brügge” klubundan 23 milyon avro müqabilində transfer edilib. 20 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Aleksandar Stankoviç “İnter”in öz yetirməsidir. O, bir müddət İsveçrənin “Lütsern” klubunda icarədə də olub. “Brügge” serb futbolçunu 2025-ci ilin yayında 9,5 milyon avro müqabilində heyətinə qatmışdı. Amma İtaliya klubu cəmi bir il sonra yetirməsini yenidən öz rənglərinə bağlayıb.

Ötən mövsüm “Brügge”də 55 oyuna 9 qol və 5 assist müəllifi olmuş Stankoviç Serbiya yığmasında da 8 oyuna çıxıb, 1 qol vurub.

“İnter” 32 yaşlı italiyalı qapıçı İvan Provedeli də “Latsio”dan tamhüquqlu əsasda satın alıb. Keçid “İnter”ə 3 milyon avro məbləğ müqabilində başa gəlib. Provedel 2029-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “neradzurri”nin xidmətində olacaq.

Provedel 2022-ci ildən “Latsio”da çıxış edirdi. O, ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 27 qol buraxıb.

Yeri gəlmişkən, “İnter”in sabiq qapıçısı Samir Handanoviç Milan təmsilçisindən ayrılıb. Hazırda məşqçi fəaliyyəti ilə məşğul olan Samir Handanoviç “neradzurri”inin yeniyetmələrdən ibarət U-17 komandasının baş məqşçisi vəzifəsini tərk edib. Handanoviç müvafiq qərarı ilə bağlı, özünün sosial şəbəkə hesabları üzərindən də məlumat paylaşıb. Onun növbəti fəaliyyəti ilə bağlı məlumat yoxdur. Təxmin edilir ki, sloven mütəxəssis yeni təklifləri baxışdan keçirə bilər.

Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqladı

8 February 2026 at 11:29

1990-cı illərdə Aleks Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”in heyətində adını futbol tarixinə qızıl hərflərlə yazdıran, 1999-cu il UEFA Çempionlar Liqasının finalının qəhrəmanlarından olan danimarkalı sabiq qapıçı Peter Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqlayıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, sabiq qolkiper, A Seriyasında onun üçün xüsusi yeri olan komandanın “Milan” olduğunu bildirib:

“İtaliyada sevdiyim klub varmı? Bəli, var. Mənim üçün bu, sözsüz ki, “Milan”dır”.

Şmeyxel “Milan”ı 1990-cı illərin İtaliya futbolunda ən güclü və ən yaxşı klub kimi dəyərləndirib. O, futbolçu karyerasını 2003-cü ildə başa vurub.

“Milan” hazırda İtaliya A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Şmeyxel İtaliyada sevdiyi klubun adını açıqladı appeared first on Komanda.az.

❌
❌