Şon Dayç “Nottingem Forest”dən qovuldu
İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” komandasının baş məşqçisi Şon Dayç istefaya göndərilib.
Arena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Premyer Liqanın 26-cı turunda “Vulverhempton”a qarşı keçirilmiş və qolsuz heç-heçə ilə başa çatmış oyundan sonra vəzifəsindən azad edilib.
Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb.
Qeyd edək ki, bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.
Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.
Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.