Reading view

Abbasov ona millinin qapılarını açdı

Azərbaycan millisi “FİFA series” turniri çərçivəsində martda bir sıra oyunlar keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin birinci görüşü martın 27-də Sent Lusiyaya qarşı olacaq.

Azərbaycanın ev sahibliyi edəcəyi yarışda Sent Lusiya ilə yanaşı, Syerra-Leone və Oman da mübarizə aparacaq.

Millinin baş məşqçisi Ayxan Abbasov yoxlama xarakteri daşıyan turnir üçün heyətə çağıracağı bəzi adlar artıq məlumdur.

“Futbolpress.az”ın əldə etdiyi məlumata görə, Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli də siyahıda yer alacaq. Vinger sonuncu dəfə 2024-cü ilin yayında Albaniya və Qazaxıstanla oyunlar üçün yığmaya çağırılmışdı.

Vüsal millidə 2019-cu ildə debüt edib. Onun ilk matçı Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya qarşı oyun (0:2) olub.

Azərbaycanda “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə” (indiki “Şamaxı), “Sumqayıt”, Türkyədə “Keçiörengücü”, “Boluspor”, Albaniyada isə “Eqnatiya”da forma geyinmiş Vüsal 2025-ci ilin yayından “Partizani”nin uğurları üçün çalışır.

Cinah hücumçusu bu mövsüm 27 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

❌