Reading view

Asiya Kubokunun püşkatma mərasimi təxirə salındı

2027-ci ildə təşkil olunacaq futbol üzrə Asiya Kubokunun final mərhələsinin apreldə keçirilməli olan püşkatma mərasimi təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin təhlükəsizlik amillərini nəzərə alaraq, püşkatmanın həmin tarixdə keçirilməməsi qərara alınıb.

Xatırladaq ki, Asiya Kubokunun gələn ilin 7 yanvar – 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Lakin püşkatma kimi, həmin turnirin vaxtında da hansısa dəyişikliyin edilməsi istisna olunmur.

Daha öncə Yaxın Şərqdəki gərginliyə görə futbol üzrə Asiya Çempionlar Liqasının matçları da təxirə salınmışdı. Bu qarşılaşmaların da hansı tarixdə oynanılacağı hələlik bilinmir.

“Mançester Siti” 9-cu dəfə Liqa Kubokunu qazandı

“Mançester Siti” komandası futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, “şəhərlilər” final qarşılaşmasında “Arsenal”la üz-üzə gəliblər.

Mançester təmsilçisi Londondakı “Uembli” stadionunda baş tutmuş həlledici qarşılaşmada inamlı qələbəyə sevinib. Qalbi komandanın hər iki qolunu cəmi 4 dəqiqə ərzində dubla imza atmıış Niko O’Rayli vurub.

“Mançester Siti” tarixində 9-cu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 1969/70, 1975/76, 2013/14, 2015/16, 2017/18, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində də oxşar uğura imza atmışdı.

Turnirin rekordçusu “Liverpul”dur. “Qırmızılar” 10 dəfə Liqa Kubokunun qalibi olublar. Üçüncü pillədə isə 6 titula sahib “Mançester Yunayted” qərarlaşıb.

İngiltərə Liqa Kuboku
Final
22 mart

Arsenal – Mançester Siti 0:2
Qollar: Niko O’Rayli, 60; 64.

❌