4 oyunluq cəzalanan Şükürov: “Yəqin qocalıram, səbirsiz olmağa başlamışam”
“Səbail”in baş məşqçisi Adil Şükürov I Liqanın XX turunda “Baku Sportinq”lə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
Mütəxəssis “Futbolpress.az“a açıqlamasında qərarı şərh etdi:
“Nəsə olacağı gözlənilən idi. Fikrimi izah edim, oyun başlayandan bəzi qərarlar məni narahat edirdi. Bəzən texniki zonada gözümüzün qarşısında baş verənləri görüb susuruq. Ancaq bəzən hakimlərin etdiklərinə səssiz qalmaq olmur. Bizim də emosiyalarımız var. Yəqin qocalıram, səbirsiz olmağa başlamışam”.
Şükürov çempionatda hakim idarəçiliyinə toxundu:
“Hakimlər diqqətli olmalıdırlar. Onların qərarları birbaşa nəticələrə təsir edir. Ola bilər, kimsə gəncdir, təcrübəsizdir, nəyisə görmür. Amma şahidi olmuşuq ki, neçə klub hakim səhvlərinin qurbanı olub. Bəzən sponsorlar da futboldan geri çəkilir. Hakimlər üzərlərində daha çox çalışmalıdırlar ki, gələcəkdə də yaxşı xatırlansınlar”.
“Səbail” növbəti turda turnir cədvəlinin lideri “Şəfa” ilə qarşılaşacaq. Hazırda üçüncü sırada qərarlaşan “dənizçilər” bakılılardan 8 xal geri qalır. Şükürov “Baku Sportinq”lə oyunda yaşanan mübahisəli halların bu görüş üçün əlavə motivasiya ola biləcəyini qeyd etdi:
“Çalışacağıq ki, bu hakim səhvlərinə görə yaşanan ağır nəticələri aradan qaldıram. Kapitanımız Sadiq Quliyev də heç nədən sarı vərəqə almışdı və limitə düşüb. İnanıram ki, çətinliyin öhdəsindən gələ biləcəyik. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Hər kəs üzərinə düşəni maksimum yerinə yetirməlidir”.
Şahin Cəfərov