“Qəbələ”nin legioneri: “Azərbaycanda oynamaqdan zövq alıram”
“Qəbələ”nin futbolçusu İsmael Akinadenin “Futbolpress.az“a müsahibəsi:
– “Kəpəz” üzərində vacib qələbə qazandınız və autsayderlə xal fərqini 11-ə yüksəltdiniz. Oyunu necə şərh edərdiniz?
– Bu oyun bizim üçün çox vacib idi. Matçdan əvvəl qarşımıza yalnız qələbə hədəfi qoymuşduq. Şükürlər olsun, yaxşı oyunla da istəyimizə çatdıq.
– Ardıcıl üç məğlubiyyətdən sonra belə mühüm oyuna köklənmək psixoloji baxımdan çətin olmadı?
– Qələbə qazana bilməmək pisdir. İstəyirdik ki, bu uğursuz seriyanı sonlandıraq. Bütün diqqətimizi matça vermişdik. İstədiyimiz tempi yaxaladıq və nəticəni qazandıq. Mövsümün qalan hissəsində də belə davam etməliyik.
– “Kəpəz”ə qədər 3 oyuna 13 qol buraxmışdınız. Necə toparlandınız?
– “Sabah”a qarşı 1:7 hesablı məğlubiyyət qəbuledilməz idi. Həmin gün futbol bəxti bizim yanımızda deyildi. İstədiklərimizi meydanda edə bilmədik. Onlarla kubokda yaxşı mübarizə aparmışdıq. Lakin sonra belə nəticənin olması bizi çox məyus etdi. Bilirdik ki, toparlanmalıyıq, yoxsa vəziyyətimiz daha pisləşə bilər. Çox çalışdıq və yekunda qələbəsizlik seriyamızı bitirdik.
– Qarşıda “İmişli” ilə oyun var. Qələbə sizi 9-cu pilləyə yaxınlaşdıra bilər…
– Vacib oyundur. Diqqətli olmalı və qələbə qazanmalıyıq. Meydanda üzərimizə düşənləri edəcəyik. Hər oyunun bizim üçün əhəmiyyəti böyükdür. İndi hansısa pillə haqda yox, “İmişli” ilə matçla bağlı düşünürük.
– Artıq 4 aydır, Azərbaycandasan. Çempionatla bağlı təəssüratların necədir?
– Azərbaycan liqası çox yaxşıdır. Bütün komandalarda texnikalı oyunçular var, yarış rəqabətli keçir. Azərbaycanda oynamaqdan zövq alıram. Karyeram boyu hər zaman olduğum yerdə fayda verməyə çalışmışam. Çətinliklər olsa da, bununla mübarizə aparmağı sevirəm. Hər oyun maksimumu etməyə çalışıram. Düzdür, bəzən istədiyim kimi alınmaya bilər, amma dəqiq olan bir şey var ki, meydana daxil oldumsa, bütün gücümü qoyacağam.
Şahin Cəfəriv