Reading view

“Beşiktaş”ın futbolçusu: “Azərbaycan millisində oynamaqdan məmnunam”

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində səfərdə Andorraya qalib gəlib – 3:1.

Yığmanın sonucu qolunun müəllifi Esra Manya “Futbolpress.az“ə açıqlamasında görüşü dəyərləndirdi:

“Bütün məşqlərdə bütün gücümüzlə hazırlaşmışdıq. Mütləq qələbə qazanmalı idik. İstək və əzmimizlə meydanda son dəqiqəyə qədər mübarizə apardıq və qalib gəldik. Oyunda üstün tərəf biz idik. Qrupdan çıxmaq yolunda bu qələbənin əhəmiyyəti böyük idi”.

Millinin heyətində qol vuran Manya hisslərini bölüşdü:

“Millidə qol vurmaq qürurvericidir. Azərbaycan yığmasında oynamaqdan məmnunam. Son dəqiqələrdə vurulan qollar xüsusi gözəl olur. Sevincimi komanda yoldaşlarımla bölüşdüm”.

Azərbaycan yığması seçmə mərhələdə növbəti oyunu aprelin 18-də Bakıda Andorraya qarşı keçirəcək. Yarımmüdafiəçi bu matçdan gözləntilərini bölüşdü:

“Qələbə bizi rahatlaşdırmayacaq. Növbəti oyunu azarkeşlərimiz önündə keçirəcəyik və yenə qələbə qazanmaq mütləqdir. Hamımız bu arzudayıq. Bu görüşdən də mütləq üç xal götürməliyik”.

Azərbaycan millisi qrupda 6 xalla ikincidir. Lider Macarıstanın isə aktivində 7 xal var. Esra növbəti mərhələ şanslarını dəyərləndirdi:

“Macarıstan bir az daha güclüdür. Düzdür, bizim də gücümüz var. Andorra ilə Şimali Makedoniyanı məğlub etsək, Macarıstandan da xallar alsaq, qrupdan çıxa bilərik. Şanslarımızı yüksək dəyərləndirirəm”.

Bir müddət əvvəl “Fatih Vatan”dan “Beşiktaş”a keçən futbolçu yeni klubundan söz açdı:

“Beşiktaş” köklü klubdur. Bu komandada olmaqdan məmnunam. Təklif gələndə çox düşünmədim. Yenidən orda oynamaq mənim üçün xoşdur. Türkiyədə qadın futbolunun səviyyəsi hər gün artır. Hədəflərimiz yaxşı yerlərdə olmaqdır”.

Şahin Cəfərov

❌