Reading view

“Zirə” ilə oyuna doğru: “Neftçi”nin daha istəkli olacağını düşünürəm”

“Neftçi” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” 43 xalla turnir cədvəlində beşincidir və dördüncü “qartallar”dan 1 xal geri qalır.

“Neftçi”nin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. Matçı altı xallıq dəyərləndirmək olar. Məncə, şanslar bərabərdir. İki komanda üçün də qələbə çox önəmlidir. Avrokuboklara vəsiqə uğrunda mübarizədə oyunun əhəmiyyəti böyükdür. Məncə, “Neftçi” bir az üstündür. Çünki “Zirə” iki turnirdə mübarizə aparır və istər-istəməz hər ikisində şanslarını davam etdirməyə çalışır. Xüsusilə kubokda yarımfinalın ilk oyununda “Turan Tovuz” üzərində üstünlük qazanıblar və finala daha yaxındırlar. Çempionatda isə qarşıda hələ çox oyun var”.

Mütəxəssis “Neftçi”nin daha istəkli olacağını qeyd etdi:

“Məncə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bugünkü matçda rotasiyalar edə bilər. Kubokla Avropa Liqasına vəsiqə daha böyük üstünlükdür. “Neftçi”nin daha istəkli olacağını düşünürəm. Qazanılan hər xal komandanı avrokubok zonasına yaxınlaşdırır. Onlar üçün əsas yol liqadır. Buna görə də “Neftçi” qələbəni daha çox istəyəcək. Nəticədən asılı olmayaraq, məncə, komandalar arasında “dördlük” mübarizəsi mövsümün sonuna kimi davam edəcək”.

“Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

❌