Reading view

“Mingəçevir”in bombardiri: “Hədəfim Premyer Liqada oynamaqdır”

“Mingəçevir” I Liqada ikinci sıraya yüksəlib. Bölgə təmsilçisi lider “Şəfa”dan yeddi xal geri qalır.

“Mingəçevir”in hücumçusu Kennet Kalunqa komandanın çıxışı və hədəfləri barədə “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qış fasiləsindən sonra əldə olunan qələbələr nəticəsində ikinci sıraya yüksəldiniz. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Bəli, ikinciyik. Amma hələ heç nə həll olunmayıb. Liderdən 7 xal geri qalsaq da, 4-cü pilləni 2 xal qabaqlayırıq. Qarşıda oyunlar var.  Heç kim üçün heç nə təmin edilməyib. Ona görə diqqətli olmalı və irəli baxmağa davam etməliyik.

– İkinci yerin sahibi Premyer Liqa üçün elitada 11-ci pilləni tutacaq komanda ilə qarşılaşacaq. Əsas namizədlər “Kəpəz”, “Qəbələ” və “İmişli”dir. Bu rəqiblərdən hansını arzulayardınız?
– Üstünlük verdiyimiz rəqib yoxdur. Hər biri Premyer Liqa klubudur və keyfiyyətli oyunçuları var. Lakin biz də zəif deyilik, çox yaxşı oyunçulara sahibik. Pley-off oynasaq, istənilən komanda ilə qarşılaşmağa hazırıq.

– 11 qolla bombardirlər siyahısında ikincisiniz. Mövsümün əvvəlində qol sayı ilə bağlı hədəfiniz var idi?
– Mövsümün əvvəlindən hədəfimiz elitaya qalxmaq idi. Bununçün qollar vurmaq, qələbələr qazanmaq lazımdır. Komandama kömək etmək üçün burdayam. Önəmli olan “Mingəçevir”in yaxşı nəticələridir.

– “Mingəçevir”ə qədər Portuqaliyada aşağı divizion klublarında oynamısınız. Azərbaycan I Liqasını digərlərindən fərqləndirən nələr var?
– Birinci Liqa rəqabətlidir. Bura daha çox diqqət etsələr, yaxşı olar. Çempionatda nə qədər keyfiyyətli futbolçular oynayır. Məncə, I Liqaya diqqət artsa, tək Premyer Liqa klubları yox, Avropadakı klublar üçün də oyunçu çıxa bilər.

– Mövsümün sonuna az qalıb. Yeni illə bağlı hədəfləriniz nədir?
– Hədəfim Premyer Liqada oynamaqdır. Yeni mövsüm harda oynayacağımı bilmirəm. Amma ümid edirəm ki, Azərbaycan Premyer Liqasında rəqabətli klublardan birində oynaya bilərəm.

Şahin Cəfərov

❌