UFC 2028-ci ilə qədər Bakıda!
UFC (Mütləq Döyüş Çempionatı) 2028-ci ilə qədər Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsini planlaşdırır.
Arena.az xəbər verir ki, bu gün UFC ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında çoxillik əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC tədbirləri keçiriləcək. Bu çərçivədə ilk tədbir bu il iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Bildirilib ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilmiş UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:
“Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.
Uaytın sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:
“Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar”.
Fərid Qayıbov çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:
“İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir”.