Reading view

Manuel Noyer ÇL antirekordunu təkrarladı

Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının (ÇL) antirekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, bu, ÇL-in 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda qeydə alınıb.

Almaniyalı qolkiper 4:5 hesabıyla uduzduqları matçda qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib. PSJ futbolçularının çərçivəyə endirdiyi zərbələrin hamısı qollarla nəticələnib. Beləliklə, Noyer turniridə nadir antirekordu təkrarlayıb.

Oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman “Çelsi”nin qapıçısı Ed de Qeye də “Barselona”ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 35 oyuna çıxıb, 38 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 596 oyun, 497 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Harri Keyn Stiven Cerrardın rekordunu qırdı

Almaniya çempionu “Bayern”in ingilis hücumçusu Harri Keyn futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard ötən gecə ÇL-in yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda bir qol vurub.

Bununla da Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol müəllifi olub. O, əvvəlki beş Çempionlar Liqası matçında – “Union”, PSV, “Atalanta” və “Real”la (həm ilk, həm də cavab oyununda) görüşlərdə də fərqlənmişdi. Nəticədə Keyn sözügedən turnirdə ingiltərəli futbolçular arasında yeni rekord müəyyənləşdirib.

Keyn son 6 matçda 8 qol vurmaqla 2008-ci ildə ardıcıl beş oyunda fərqlənmiş həmyerlisi Stiven Cerrardın da rekordunu qırıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 54 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 142 oyun, 139 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Vensan Kompani: “PSJ-yə daha çox qol vura bilərdik”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ilk oyunu ötən gecə Paris şəhərində keçirilib və Almaniya nəhənginin 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kompani bu oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Belçikalı mütəxəssis sarı vərəqə limitini doldurduğu üçün yarımfinalın ilk matçında diskvalifikasiya olunmuşdu. Bu üzdən də o, texniki zonada yer ala bilməyib.

Kompani oyundan sonra matçı tribunadan izləməyin xoşuna gəlmədiyini gizlətməyib və həmkarı Luis Enrikeyə də maraqlı mesaj ünvanlayıb. O, komandasının oyuna yüksək enerji ilə başladığını və hücumda təhlükəli anlar yaratdığını deyib:

“Meydanda əsl enerji var idi. Biz həm oyuna nəzarət edirdik, həm də təhlükə yaradırdıq. Beş qol buraxmaq yarımfinal səviyyəsində məğlubiyyət deməkdir, amma yaratdığımız imkanlara baxanda daha çox qol vura bilərdik”.

Vensan Kompani əlavə edib ki, nəticə xırda detallardan asılı olub:

“Bu cür matçlarda hər şey incə detallarla həll olunur. Növbəti oyunda da bu detallar həlledici olacaq. Evdə azarkeşlərimizlə birlikdə maksimum gücümüzü ortaya qoymalıyıq.

Oyuna tribunadan baxmaq xoşuma gəlmədi. Luis Enrikeyə dedim ki, bunu öz istəyi ilə niyə etdiyini anlamıram. Amma komandamın xarakter göstərməsi xoşuma gəldi. Bu, futbolsevərlər üçün əsl matç idi”.

Xatırladaq ki, bu komandalar arasında cavab qarşılaşması mayın 6-da, Münhendəki “Alyans Arena”da baş tutacaq.

“Bayern” sonuncu dəfə bu aqibəti 1995-ci ildə yaşamışdı

Almaniya futbolunun ən nəhəng klubu hesab edilən “Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə məğlub olub.

Sözügedən komanda bundan öncə 1994/1995-ci illər mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalında “Ayaks”a (Niderland) 2:5 hesabı ilə uduzmuşdu.

Xatırladaq ki, Almaniya və Fransa çempionları arasında cavab oyunu mayın 6-da Münhen şəhərində keçiriləcək. “Bayern” ilk oyunda uduzsa da, mərhələ adlamaq şansları hələ də yüksək qiymətləndirilir. PSJ isə ÇL-in sonuncu qalibidir və titulunu qorumaq üçün çalışır.

Bu matçın qalibi finalda “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Sözügedən komandaların ilk oyunu bu gün Madrid şəhərində təşkil ediləcək. Cavab görüşü isə bir həftə sonra baş tutacaq.

ÇL: PSJ – “Bayern” matçında 9 qol!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin ilk oyununda ÇL-in sonuncu qalibi PSJ Almaniya nəhəngi “Bayern”lə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı ilk oyun Fransanın paytaxtı Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutub. Oyunu İsveçrədən olan Sandro Şerer idarə edib. 9 qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü sabah “Atletiko” (Madrid, İspaniya) ilə “Arsenal” arasında keçiriləcək.

Yarımfinalın cavab görüşləri mayın 5-də və 6-da baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

PSJ (Fransa) – Bayern (Almaniya) 5:4
Qollar: Xviça Kvaratsxeliya, 24; 56. Joao Neves, 33. Usman Dembele, 45+5-pen; 58 – Harri Keyn, 17-pen. Maykl Olise, 41. Dayo Upamekano, 65. Luis Dias, 68.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Paris. “Park de Prens” stadionu.

29 aprel

23:00. Atletiko (Madrid, İspaniya) – Arsenal (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Atletiko. “Metropolitano” stadionu.

❌