Füzuli Məmmədov: “0:2-dən sonra geridönüş çox çətin idi”
“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun barədə çox danışmağa lüzum görmürəm. Ciddi hazırlaşmışdıq. Düşünürdük ki, evdə daha yaxşı oynayacağıq. İlk qola qədər komanda planlı oynayırdı. Sadəcə, mövqe səhvindən buraxdığımız qol mənfi təsir etdi. Birinci hissənin sonlarında rəqibin belə rahat qol vuracağını gözləmirdik. Deyərdim ki, ikinci qoldan sonra oyunumuzda düşüş baş verdi. Bu da normaldır. Məğlub olmaq istəmirdik. 0:2 hesabından sonra geridönüş etmək çox çətin idi. Üç oyunumuz qalıb. Şans varsa, son ana qədər mübarizə aparacağıq. “Neftçi”ni təbrik edirəm.
“Qəbələ” üçün də, bizim üçün də çətin oyunlar var. Aramızda 6 xallıq fərq var və “Qəbələ” ilə evdə oynayacağıq. 6 xallıq fərqi aradan qaldırmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Biz az istirahət edəcəyik. Planımızı təqvimə uyğun tutmağa çalışacağıq”.