“Bu məğlubiyyət qazandıqlarımızı kölgədə qoymur” – Solvet
“Sabah” Misli Premyer Liqasının XXXI turunda “Kəpəz”ə uduzub – 0:1. Bu, çempionluğunu öncədən elan edən “bayquşlar”ın mövsümdə ikinci məğlubiyyətidir.
Komandanın müdafiəçisi Stiv Solvet “Futbolpress.az“a açıqlamasında fikirlərini bölüşdü:
“Öz meydanımızda 33 oyun idi, məğlub olmurduq. Ona görə, nəticə daha çox məyus edir. Buna baxmayaraq, bu məğlubiyyət qazandıqlarımızı kölgədə qoymur. Əla mövsüm keçirdik və klub tarixində ilk dəfə çempion oldu. Bunun həzzini yaşamalıyıq”.
“Sabah” ölkə kubokunun finalında “Zirə” ilə üz-üzə gələcək. Solvet matçdan gözləntilərini söylədi:
“Zirə” yaxşı komandadır. Onlar da avrokuboklara vəsiqə qazanmaq istəyir və titulun önəmi böyükdür. Final bir matçdan ibarət olur və hər nəticə mümkündür. Məncə, tempimizi saxlasaq və keyfiyyətlərimizi ortaya qoysaq, istədiyimiz nəticəni qazana bilərik. Qələbə öz əlimizdədir”.
“Sabah” – “Zirə” oyunu mayın 13-də olacaq.
Şahin Cəfərov