Şensoy “Turan Tovuz”dan danışdı: “Qazanılan uğur böyük səbrin mükafatıdır”
“Turan Tovuz” Misli Premyer Liqasında sona iki tur qalmış “üçlüy”ü təmin edib. Kurban Berdıyevin yetirmələri 31 turdan sonra 59 xalla üçüncü sırada qərarlaşıb. Tovuzlular ən yaxın izləyicisi “Neftçi”ni altı xal qabaqlayır. Şəxsi oyunlarda üstün olan “bozqurdlar” xallar bərabər olacağı təqdirdə də, mövsümü üçüncü bitirəcək.
Keçmiş “Turan” klubunun baş məşqçisi Naci Şensoy “Futbolpress.az“a açıqlamasında Tovuz təmsilçisinin avrokuboklara vəsiqə qazanmasını şərh etdi:
“Nəhayət, Tovuz komandası uzun illər sonra avrokuboklara vəsiqə qazandı. Bu, klub və azarkeşləri adına sevindirici haldır. Qazanılan uğur böyük səbrin mükafatıdır. “Turan Tovuz” rəhbərliyinin komandanı Kurban Berdıyev kimi təcrübəli birinə əmanət etməsi bu uğurda həlledici rol oynadı. Komanda ötən mövsüm də avrokuboklara vəsiqə qazanmağa yaxın idi, amma təəssüf ki, alınmamışdı. Lakin təslim olmadılar və yenidən iddialarını ortaya qoyub, hədəfə çatdılar. Ümid edirəm ki, “Turan Tovuz” avrokuboklarda da uğurlu olar və Azərbaycanı layiqincə təmsil edər”.
Şensoy 2012-ci ilin yanvarından noyabrına qədər “Turan”da işləyib.
Şahin Cəfərov