Vinisius və Braziliya millisi üçün DÇ-də tarixi nəticə
Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının hücumçusu Vinisius Junior dünya çempionatlarında tarixi göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin bütün oyunlarında fərqlənməklə Braziliya futbolunun əfsanələri Ronaldo Nazario və Rivaldo ilə eyni nailiyyəti təkrarlayıb.
Beləliklə, Vinisius Braziliya tarixində bir dünya çempionatının qrup mərhələsində ilk üç oyunda qol vurmuş azsaylı futbolçular sırasına daxil olub. Bu göstəricini sonuncu dəfə 2002-ci ildə Ronaldo Nazario və Rivaldo reallaşdırmışdılar.
Qeyd edək ki, Vinisius hazırda DÇ-2026-da yüksək performansı ilə diqqət çəkir və Braziliya millisinin hücum xəttinin əsas fiqurlarından biridir. O, qrup mərhələsində keçirdiyi 3 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub etmiş Braziliya yığması da yeni rekorda imza atıb. “Sambaçılar” mundiallar tarixində 50 “quru” hesablı qələbə qazanmış ilk kollektiv olub.
Xatırladaq ki, Braziliya millisi C qrupunda 7 xalla birinci olub.