İngiltərə millisinin, eləcə də “Mançester Siti” və “Liverpul”un sabiq futbolçusu Ceyms Milner peşəkar futbolçu karyerasını yekunlaşdırıb.
Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkələr vasitəsilə yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
Son 3 mövsümü “Brayton”da keçirmiş Ceyms Milner bu komandanın heyətində 46 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə verib.
Təcrübəli oyunçu karyerası ərzində “Lids” (54 oyun, 5 qol, 2 assist), “Nyukasl” (136 oyun, 11 qol, 20 assist), “Aston Villa” (126 oyun, 22 qol, 26 assist), “Mançester Siti” (203 oyun, 19 qol, 38 assist) və “Liverpul” (332 oyun, 26 qol, 46 assist), “Suiondon Taun” (6 oyun, 2 qol) kimi klubların da şərəfini qoruyub.
Milner İngiltərə Premyer Liqasında 658 matçda iştirak edib ki, bu da turnir tarixində rekorddur. O, bu görüşlərdə 56 qol və 87 məhsuldar ötürmə ilə yadda qalıb.
Milner böyük futbolda klub səviyyəsində bütün qənimətləri qazanıb və buna “Mançester Siti” və “Liverpul”la nail olub. Milner İngiltərə Premyer Liqasının 2 dəfə “Mançester Siti”, 1 dəfə “Liverpul”la olmaqla, 3 qat qalibidir. Həmçinin Milner İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və İngiltərə Super Kubokunun hər birini 1 dəfə “Mançester Siti və 1 dəfə “Liverpul”la qazanaraq, 2 qat qalib olub. “Liverpul”un heyətində isə Milner beynəlxalq arenada uğurlar qazanıb: Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Ceyms Milner 2009-cu ilin avqustunda debüt etdiyi İngiltərə yığmasının heyətində 61 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.