Reading view

Kilian Mbappe Fransa millisinin ən yaxşı bombardiri oldu!

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Seneqal yığması ilə oyunda dubla imza atmaqla nail olub.

27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.

Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən İspaniya nəhəngi “Real”ın formasını geyinir. Hücumçu ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

DÇ-2026: Fransa Seneqala qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Fransa və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu York, ABŞ) keçirilmiş I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər. Fransanın heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu Bredli Barkola vurub. Afrika təmsilçisinin heyətində isə İbrahim Mbaye fərqlənib.

Bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

DÇ-2026
I qrupu
16 iyun

Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66; 90+6. Bredli Barkola, 82 – İbrahim Mbaye, 90+5.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

I qrupu
02:00. İraq – Norveç

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

❌