Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasında “Sabah”a məğlub olduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə bir neçə şans yaratdıq, ancaq qol vura bilmədik. “Sabah” kimi güclü komandalarla oyunlarda hər fürsəti dəyərləndirməlisən, yoxsa cəzalanacaqsan. Onlar sürətli əks-hücumdan hesabı açdılar və bununla da bizim üçün demək olar, oyun bitdi. Rəqibin keyfiyyətli futbolçuları var və bu keyfiyyət fərqi sözünü dedi.
Fasilədə uşaqlara dedim ki, “məyus olmayın, meydana çıxın və vuruşun”. Qarşıda hələ avrokubok matçlarımız var, onlara hazır olmalıyıq”.
“Sabah” iki oyunun nəticəsinə görə (2:0, 2:1) mərhələ adlayıb. “Bayquşlar” II təsnifatda Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq.
TNS-in baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının cavab görüşü də ilk oyunda (2:0) olduğu kimi, “bayquşlar”ın qələbəsi ilə bitib – 2:1.
Kreyq Harrison matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu. Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq. Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.
Fikrimcə, ilk hissə 0:0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi. “Sabah” yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik”.
TNS-in baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının 1-ci raundunda “Sabah”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı cavab görüşü sabah keçiriləcək.
Bakıdakı ilk oyunda 0:2 hesablı məğlubiyyətə üzülmüş Uels komandasının baş məşqçisi Kreyq Harrison bu gün təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:
“İlk oyunda məğlub olsaq da, hazırda komandada hər şey qaydasındadır. Biz dərk edirik ki, “Sabah” çox yaxşı komandadır. “Qarabağ” kimi Çempionlar Liqasında uğurla çıxış etmiş bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən, komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.
Bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. İlk qolu biz vursaq, hər şey dəyişəcək.
Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. “Sabah” isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq. Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur”.
“Biz evdə doğrudan da təhlükəli rəqibik”
Kreyq Harrison heyətlə bağlı ciddi itkilərin olduğunu vurğulayıb:
“Ben Uilson, Bred Yanq, Denni Devis, Adam Uilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardır. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmə ehtimallarını artırmaq ədalətli olmazdı”.
Baş məşqçi TNS-in ev oyunlarını süni örtüklü meydanda keçirməsinə də toxunub:
“Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS-ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının bu gün Masazırda baş tutmuş ilk görüşü “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Azərbaycanlı futbol azarkeşlərini ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bildirmişdik. Oyunçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə bitməyib. Bizi çətin səyahət gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Stiv Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməyəcək. Amma onu əvəz edə biləcək kifayət qədər oyunçumuz var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.
Ötən mövsüm bəzi oyunlarda Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.
Təbii ki, daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bu matçdan fərqli olaraq, evdə daha cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır”.
“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın”
ABŞ prezidenti DÇ-2026-da amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi üçün FİFA-ya müraciət etmiş və onun bağışlanmasına nail olmuşdu. Hansı ki, son günlərdə bütün dünya futbol ictimaiyyəti bu qərardan danışır. Dambrauskas Stiv Solvetə göstərilmiş qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməklə bağlı müvafiq suala maraqlı cavabı ilə diqqət çəkib:
“Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət olunur. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider öz işi ilə məşğul olmalıdır”.
Dambrauskas səfər oyununa hazırlıq planlarından da söhbət açıb:
“Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını bilmirik, bunun üçün tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik. Onlar bura necə gəlibsə, biz də o qədər uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu, bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın”.
“Evdə yaxşı nəticəyə ümid edirik” – Kreyq Harrison
TNS-in baş məşqçisi Kreyq Harrison da matçdan sonra fikirlərini bölüşüb:
“Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.
İlk hissədə güc sərf etdik. Hücumameyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.
Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, “Sabah”a qarşı da bu uğurlu nəticəni qazanacağıq”.