Reading view

Əsədov: “İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq”

Azərbaycan milli komandası bu gün Malta ilə yoldaşlıq oyunu keçirəcək. Görüşə saat 22:00-da start veriləcək.

Millinin keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında fikirlərini bölüşdü:

“Milliyə uğurlar arzu edirəm. Sentyabrdakı Millətlər Liqasından öncə son hazırlıqdır. Düzdür, çox vaxt yoxlama oyunlarının nəticələrinin önəmi olmur. Amma bu iki matç Ayxan Abbasov üçün həm nəticə, həm də komandanı görmək baxımından vacibdir”.

Mütəxəssis həm bu, həm də iyunun 9-da San Marinoya qarşı keçiriləcək oyunda yığmadan qələbə gözlədiyini bildirdi:

“İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq. Buna gücümüz var, həm də əhvalı yüksəltmək lazımdır. Abbasov istədiyi oyun sistemlərini də yoxlayacaq. Nəzərə alaq ki, bəzi futbolçular klublarında oyun praktikası ilə bağlı problemlər yaşayıb. İndi bu görüşlər onlar üçün də bir fürsətdir”.

Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında heyəti açıqladı. Mütəxəssis Maltaya qarşı matçda beş müdafiəçi ilə meydana çıxacağını qeyd etdi. Əsədov Abbasovun seçimini dəyərləndirdi:

“Sistem bir düzülüşdür. Abbasov bu sistemdə öz oyun fəlsəfəsini diqtə etməyə çalışacaq. Beş müdafiəçinin olmasına baxmayaraq, yığmanın dominant oynayacağını düşünürəm. 

Hücumdakı oyunçularla bağlı problem var, məhsuldarlıqları aşağıdır, amma millidə tək qol vuran onlar deyil. Müdafiəçilər, yarımmüdafiəçilər də qol imkanları yarada bilir. Yoxlama oyunlarıdır, təkcə irəlidəki oyunçulara fokuslanmaq lazım deyil”.

Şahin Cəfərov

Millinin “qırmızı” rəqibi

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə qarşılaşacaq. Macarıstanda, “Haladaş” stadionunda baş tutacaq matça saat 22:00-da start veriləcək.

FIFA reytinqində 161-ci sırada olan Malta yığması son beş oyunda bir qələbə qazanıb. Dünya çempionatının seçmə mərhələsində Finlandiyaya səfərdə qalib gələn komanda sürprizə imza atıb. “Qırmızılar” həmin tsiklda Niderland, Polşa, Finlandiya və Litva ilə mübarizə aparıb. 8 oyunda 5 xal toplayan komanda tarixinin ən yaxşı seçmə mərhələ göstəricisindən birinə imza atıb. Komanda özündən daha güclü Finlandiyanı məğlub edib, Polşaya qarşı əzmkar oyun (2:3) sərgiləyib.

Yığmaya italiyalı mütəxəssis Emilio De Leo rəhbərlik edir. O, 2025-ci ilin yanvarından komandanı çalışdırır. Malta millisi Emilionun rəhbərliyi altında keçirdiyi 13 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 9 dəfə məğlub olub. Komanda vurduğu 9 qola qarşılıq qapısında 31 top görüb. İtaliyalının “qırmızılar”dakı xal ortalaması isə 0.62-dir.

Malta bir neçə gün əvvəl yoldaşlı oyununda Slovakiyaya uduzub – 1:2. 4-2-3-1 taktiki sxemindən istifadə edən komanda müdafiə futbolu oynayır. Heyətin ümumi dəyəri 14.95 milyon avrodur. Komandada ən dəyərli oyunçu İlyas Şuarefdir. İsveçrənin “Sion” klubunda top qovan vingerin “transfermarkt”da qiyməti 4 milyon avrodur.

Maltanın hücum xəttində keyfiyyətli oyunçular yer alır. İlyasdan əlavə, “Sent-Etyen”dən İrvin Kardona, Belçika “Standard”ından Teddi Teuma da xüsusi qeyd edilməli adlardır. Heyətin əksər üzvləri İtaliyanın B, C seriyasında və yerli liqalarda top qovur.

Malta UEFA Millətlər Liqasında D Liqasında mübarizə aparacaq. Emilio De Leonun kollektivi Cəbəllütariq və Andorra ilə bir qrupda yarışacaq. Azərbaycan yığması isə Litva və Lixtenşteynlə həmin liqada yarışacaq.

Azərbaycan və Malta milli komandaları buna qədər doqquz dəfə üz-üzə gəlib. Tərəflər hərəyə 3 qələbə qazanıb, 3 dəfə uduzub, 3 görüş isə bərabərliklə başa çatıb.

Şahin Cəfərov

Onuncu duel: seriyanı kim pozacaq?

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə qarşılaşacaq. Macarıstanın “Haladaş” stadionunda baş tutacaq görüşə saat 22:00-da start veriləcək.

Azərbaycan yığması onuncu dəfə Malta ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk duel 1994-cü ilə təsadüf edir. Yenicə formalaşmış Azərbaycan millisi həmin görüşdə böyük hesabla uduzub – 0:5.

Maltaya qarşı keçirilən ardıcıl üç oyun məğlubiyyətlə yekunlaşıb. Milli uğursuz seriyasını 2015-ci ildə Bakıda qırıb. Komanda bu dəfə rəqibini 2:0 hesabıyla məğlub edib.

Ümumiyyətlə, Azərbaycan millisinin Maltaya qarşı şəxsi oyunlarda üstünlüyü yoxdur. Buna qədər baş tutan 9 matçda tərəflər hərəyə üç qələbə qazanıb, üç görüş də heç-heçə yekunlaşıb.

Azərbaycan sonuncu dəfə 2022-ci ildə Maltaya qarşı yoldaşlıq oyunu keçirib və 0:1 hesabıyla uduzub.

Azərbaycan yığması Malta ilə üz-üzə – YENİLƏNİR

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək Azərbaycan – Malta oyununa saat 22:00-da start veriləcək.

Milli komanda Avstriya toplanışı çərçivəsində iyunun 9-da San Marino ilə üz-üzə gələcək.

Yoldaşlıq oyunu

5 iyun

22:00 Azərbaycan – Malta 0:0
Macarıstan, “Haladaş” stadionu

❌