Reading view

“Messinin bombardirlik yarışında birinci olmağını istərdim” (MÜSAHİBƏ)

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin “Futbolpress.az“a müsahibəsi:

– Dünya çempionatını izləyirsinizmi? Turnirlər bağlı təəssüratlarınız necədir?
– Çox maraqlı dünya çempionatı keçir. Keçmişdə baxdığımız mundiallardan fərqlidir. Əvvəl hansı komandanın güclü, hansının zəif olduğunu tez bilirdik, amma indi sürprizlər çoxdur.

– Hansı komandaya azarkeşlik edirsiniz?
– Azarkeşlik etdiyim komanda Argentinadır. Hər zaman “tanqoçular”ın fanatı olmuşam. Ancaq onları turnirin əsas favoriti hesab etmirəm. Düzdür, son iki oyunda qalib gəliblər, amma finala qədər irəliləmələri çətin görünür.

– Argentina millisindən daha çox Lionel Messinin çıxışı diqqət mərkəzindədir…
– Messi bəyəndiyim futbolçudur. O, rekordlar qırıb və bunu etməyə davam edir.

– Messi mundiallar tarixinin bombardiri kimi 18 qola çatıb. Ancaq Kilian Mbappe də 16 qolla ona xeyli yaxınlaşıb. Sizcə, gələcəkdə Messinin bu rekordunu qırmaq mümkün olacaq?
– Mbappenin onu ötmək ehtimalı yüksəkdir. Burada əsas amil yaş faktorudur. Mbappe daha gəncdir. Təbii ki, Messinin bombardirlər siyahısında zirvədə qalmasını istərdim. Amma hazırkı vəziyyətdə Mbappe daha şanslı görünür. Onun ətrafında yaradıcı və yüksək səviyyəli futbolçular çoxdur. Messi isə əksər hallarda yükü demək olar ki, təkbaşına çəkməli olur.

– Dünya çempionatında favoritiniz kimdir?
– Favorit barədə konkret danışmaq hələ tezdir. Almaniya, İspaniya və Fransa heyətinə görə bir addım öndədir. Amma oyunlar hələ davam edir. Qrup mərhələsi başa çatdıqdan sonra bu barədə daha dəqiq nəsə demək olar.

– Gələk, klubdakı işinizə. Uzun müddətdir, “Neftçi”də çalışırsınız. Növbəti mövsümdə də komanda sizin rəhbərliyiniz altında olacaq?
– Daha bir il “Neftçi”də qalacağam, burdakı işimə davam etmək istəyirəm.

– Premyer Liqada işləməyi düşünmürsünüz? Ümumiyyətlə, elita klublarından təkliflər gəlib?
– Əlbəttə, gələcəkdə Premyer Liqada işləmək niyyətim var. Zamanı gəldikcə təklifləri dəyərləndirəcəyəm. Mənə təkliflər olmuşdu, amma bu il komandada qalmağa üstünlük verdim. Hazırda diqqətim əvəzedici komandanın işinə yönəlib. Növbəti mövsümdən etibarən isə böyük layihələri olan təklifləri dəyərləndirəcəyəm.

– Hər hansı klubla rəsmi danışıqlarınız olub?
– Hər hansı görüş olmayıb, amma şifahi təkliflər almışam. Klubun adını çəkməyim düzgün olmaz. Hazırda bu barədə danışmağı doğru hesab etmirəm.

– Yetirməniz Murad Məmmədov Kiprin “Pafos” klubuna keçdi. Ondan gözləntiləriniz nələrdir?
– Murad ın transferinə görə çox sevindim. Keçidindən sonra onunla da danışdım. Yetirməmizin özünü ölkə xaricində sınamaq istəməsi sevindirici haldır. Murada inanıram, uğurlu karyerası olacaq.

– Əvəzedici komandada Murad kimi əsas heyətə yüksəlib, özünü göstərə biləcək futbolçular var?
– Artıq dörd futbolçumuz əsas komanda ilə məşq edir. Bunlar Fərhad Fərhadlı, Rəvan Səfərli, Aslan Şirinov və Vüsal Kərimovdur. Oyunçularımıza tez-tez təkliflər gəlir. Biz də şərait yaradırıq ki, düzgün seçim etmək imkanları olsun.

– Bir çox klub əvəzedici komandaların heyətinə legionerlər cəlb edir. Sizin bu istiqamətdə planlarınız varmı?
– Ötən mövsümdən heyətdə iki legioner var. Hələlik bununla kifayətlənməyi düşünürük. Məqsədimiz əsas komandaya yerli futbolçular qazandırmaqdır. Hazırda yeni legioner cəlb etmək planımız yoxdur.

Şahin Cəfərov

❌