Reading view

Ronald Kuman: “Hər oyunda qalib gəlmək istəyirik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində İsveç üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra bunları söyləyib:

“İlk qolda istəyə biləcəyiniz hər şey var idi. Biz bilirik ki, Brayan Brobbi bunu çox yaxşı bacarır. Hər şey Bart Verbrüggenin topu uğurla dəf etməsi ilə başladı. Daha sonra sürətli əks-hücum təşkil olundu və Brayan yenidən qapı qarşısında peyda oldu. Qapıçının da köməyi ilə bundan daha mükəmməl qol vurmaq çətindir”, – deyə Ronald Kuman Brayan Brobbinin oyunun gedişini necə dəyişdirdiyini qeyd edib.

Narıncılar” üçün bu qələbənin nə dərəcədə vacib olduğu barədə suala Kuman qəti cavab verib:

“Biz hər oyunda qalib gəlmək istəyirik. Bundan əlavə, turnirdə ilk qələbəmizi qazanmaq istəyirdik və bu, komandaya müəyyən rahatlıq verdi”.

Yaponiya ilə oyunda etdiyi əvəzləmələrə görə ünvanına səslənən tənqidlərə Kuman zarafatla münasibət bildirib:

“Bəlkə də, bu dəfə əvəzləmələr əvvəlki matçdakından daha yaxşı alındı”.

Daha sonra o, ciddi şəkildə əlavə edib:

“Bu oyunda təzyiq daha çox idi, çünki qalib gəlməli olduğumuzu bilirdik. Amma heç bir gərginlik hiss etmirdim. İlk oyundan sonra müəyyən işlər gördük. İndi isə hər şeyin qaydasında olduğunu görürsünüz”.

İsveç millisinin baş məşqçisi Qrem Potter isə ağır məğlubiyyətə belə şərh verib:

“Bəzən belə təcrübələr yaşamaq lazımdır. Oyunun bu cür keçəcəyini düşünmürdüm, amma bundan nəticə çıxarmalıyıq. Biz güclü komandaya qarşı oynayırdıq. Onlar hücum edir və cinahlarda bizi üstələyirdilər. İlk qolu uzun ötürmədən sonra buraxdıq və həmin epizodda kifayət qədər yaxşı müdafiə oluna bilmədik”.

DÇ-2026: Niderland İsveçi 5 qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Niderland və İsveç yığmaları üz-üzə gəliblər. Hyustonda (Texas, ABŞ) keçirilmiş F qrupunun matçında Niderland yığması darmadağına sevinib.

Niderland millisinin heyətində Brayan Brobbi və Kodi Qakpo dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Antoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib. İsveç yığması 3 xalla ikincidir.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında düz bir saat sonra Almaniya millisi Kot-d’İvuar yığmasını sınağa çəkəcək.

DÇ-2026
F qrupu
20 iyun

Niderland – İsveç 5:1
Qollar: Brayan Brobbi, 5; 17. Kodi Qakpo, 47; 54. Krisensio Sammervill, 89 – Antoni Elanqa, 59.

Niderland millisi DÇ-də unikal nailiyyətə imza atdı

Futbol üzrə Niderland millisi dünya çempionatları tarixində maraqlı və bir o qədər də unikal bir göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, “narıncılar” dünya çempionatlarının qrup mərhələsinin ilk turunda keçirdiyi heç bir oyunda məğlub olmayıblar.

Niderland millisi bu göstəricidə 10 matçda 7 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.

Komanda son olaraq iyunun 14-də DÇ-2026-nın 1-ci turunda Yaponiya millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Niderland millisinin 34 yaşlı müdafiəçisi Vircil van Deyk isə dünya çempionatlarında öz ölkəsinin heyətində qol vuran ən yaşlı ikinci futbolçu olub. Yaponiya yığması ilə oyun (2:2) zamanı Van Deyk 34 yaş 341 günündə olub. Matçın 50-ci dəqiqəsində futbolçu başla topu tora göndərərək hesabı açıb.

Niderland millisinin heyətində qol vuran ən yaşlı oyunçu isə Covanni van Bronkhorstdur. O, Cənubi Afrikada keçirilmiş DÇ-2010-un Uruqvayla yarımfinal matçının (3:2) 18-ci dəqiqəsində fərqlənib. Həmin vaxt o, 35 yaş 151 günündə olub.

Xatırladaq ki, Vircil van Deyk həmçinin Yaponiya ilə qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Niderland millisi məğlubiyyətsiz seriyasını 13-ə çatdırdı

Futbol üzrə Niderland millisi dünya çempionatlarının final mərhələsindəki məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıb.

Arena.az xəbər verir ki, Niderland milli komandası ötən gün dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin ilk turu çərçivəsində Yaponiya ilə qarşılaşıb.

Tərəflər bu oyundan məhsuldar heç-heçə (2:2) ilə ayrılıblar. Nəticədə “portağallar” mundiallardakı məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıblar.

B, komandanın sözügedən turnirdə 1965/1966 mövsümündən bəri qeydə alınmış ən uzun seriyasıdır.

Niderland millisi sonuncu dəfə dünya çempionatında 2010-cu ilin final matçında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Niderland milli komandası iyunun 20-də İsveç yığması ilə qarşılaşacaq. Bu qrupda Tunis yığması da yer almaqdadır.

ABŞ, Kanada və Meksikanın birgə evsahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

Kuman: “Qələbəni əldən vermək məyusedicidir”

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində Yaponiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş Niderland – Yaponiya matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Ronald Kuman matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Matça yaxşı başladıq və oyuna nəzarət bizdə idi. Lakin ikinci hissədə ritmi bir qədər itirdik və bu da rəqibə hesabı bərabərləşdirmək imkanı verdi. Yaponiya yaxşı təşkil olunmuş komandadır və bunu meydanda göstərdi. Qələbəni əldən vermək məyusedicidir, amma komandanın ümumi performansında müsbət məqamlar da var”.

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu isə bərabərliyi belə şərh edib:

“Çətin oyun oldu. İlk hissədə rəqib üstünlük qazansa da, futbolçularım mübarizədən qopmadılar. İkinci hissədə göstərilən reaksiya və bərabərlik qolu komandanın xarakterini göstərdi. Güclü rəqibə qarşı geridönüş etmək bizim üçün vacib idi və bu nəticə bizə inam verir”.

DÇ-2026: Niderland – Yaponiya matçında heç-heçə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəliblər.
Arlinqtonda (ABŞ, Texas) keçirilən F qrupunun matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Avropa təmsilçisinin heyətində Vircil van Deyk və Krisensio Sammervill fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura və Daiçi Kamada vurublar.

Bu qrupun digər oyunu bu gün İsveç və Tunis komandaları arasında keçiriləcək.

DÇ-2026
F qrupu
15 iyun

Niderland – Yaponiya 2:2
Qollar: Vircil van Deyk, 50. Krisensio Sammervill, 64 – Keito Nakamura, 57. Daiti Kamada, 88.

Növbəti oyunların afişası:

E qrupu
03:00. Kot-d’İvuar – Ekvador

F qrupu
06:00. İsveç – Tunis

H qrupu
20:00. İspaniya – Kabo Verde

G qrupu
23:00. Belçika – Misir

❌