Reading view

Harri Keyn yenə “Qızıl buts” mükafatını qazandı

İngiltərə millisinin və Almaniya çempionu “Bayern”in hücumçusu Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Almaniya Bundesliqasının 2025/2026-cı mövsümündə 31 oyunda 36 qol (72 xal) vuraraq buna nail olub.

Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçu olub.

İngiltərənin “Mançester Siti” klubunun forvardı Erlinq Haland 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi “Real”ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.

Xatırladaq ki, Keyn “Bayern”dəki debüt mövsümündə (2023/2024) də “Qızıl buts” mükafatına sahib çıxmışdı. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 50 oyuna çıxıb, 58 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 146 oyun, 143 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Bayern”lə 2 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Super Kubokunu qazanıb.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

❌