Reading view

Cennaro Qattuzo – “Latsio”nun yeni baş məşqçisi!

Futbol üzrə İtaliya yığma komandasının sabiq baş məşqçisi Cennaro Qattuzo bundan sonra A Seriyası təmsilçisi “Latsio”nu çalışdıracaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

48 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. Klubun bəyanatında bildirilir:

“Klub yeni baş məşqçisini səmimi qəlbdən salamlayır və əmindir ki, onun təcrübəsi, peşəkarlığı və məqsədyönlülüyü komandanın qarşıya qoyduğu idman hədəflərinə çatmasına kömək edəcək”.

Qeyd edək ki, Qattuzo son olaraq İtaliya millisini çalışdırıb. O, yığmanın 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən ayrılmışdı.

Məşqçilik karyerası ərzində Qattuzo İtaliyanın “Palermo”, “Piza”, “Milan” və “Napoli” klublarını, İsveçrənin “Syon”, Yunanıstanın OFİ, İspaniyanın “Valensiya”, Fransanın “Olimpik” (Marsel) və Xorvatiyanın “Hayduk” komandalarını da çalışdırıb. Onun rəhbərliyi altında “Napoli” 2020-ci ildə İtaliya Kubokunun qalibi olub.

Futbolçu karyerasında isə Cennaro Qattuzo əsasən “Milan”dakı çıxışı ilə yadda qalıb. O, 1999-2012-ci illərdə “rossonerilər”in heyətində 468 oyunda iştirak edib, 11 qol vurub və 19 məhsuldar ötürmə edib. “Milan”la iki dəfə İtaliya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş sabiq yarımmüdafiəçi, həmçinin 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu titulunu qazanıb.

❌