29 yaşlı argentinalı mərkəz müdafiəçisi Markos Senesi “Bornmut”dan ayrılaraq İngiltərənin digər klubu “Tottenhem”ə keçib.
Arena.az xəbər verir ki, Senesi “Bornmut”u azad agent qismində tərk edib.
Tərəflər 2025/2026-cı illər mövsümün sonunda başa çatmış ortaq müqaviləni yeniləməmək qərarına gəliblər. Senesi isə azad agent kimi Premyer Liqanın digər təmsilçisi “Tottenhem”ə üz tutub. Argentinalı futbolçu London təmsilçisi ilə 4 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
Markos Senesi 2022-ci ilin avqust ayında 15 milyon avro müqabilində Niderlandın “Feyenoord” klubundan “Bornmut”a keçmişdi. Argentinalı futbolçu İngiltərə klubunun heyətində 128 oyuna çıxıb. O, bu oyunlarda 6 qola imza atıb, 10 məhsuldar ötürmə verib.
Senesi daha öncə “Feyenoord”da (116 oyun, 9 qol, 7 assist) və yetirməsi olduğu Argentinanın “San Lorenso” (72 oyun, 1 qol, 4 assist) klubunda çıxış edib.
Argentinanın U-20 və U-23 yığmalarında da oynamış Senesi 2022-ci ildə debüt etdiyi əsas millinin heyətində cəmi 3 matç keçirib.