Reading view

Rəşad Sadıqov: “Torpedo”nu keçmək istəyiriksə…”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Kutaisidə təşkil ediləcək.

Bir həftə öncə Bakıda keçirilmiş oyundan 3:0 hesablı qələbə ilə ayrılmış “qartallar”ın baş məşqçisi bu gün baş tutmuş mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:

“Bizi təcrübəli və adlı-sanlı komanda ilə oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik”.

Rəşad Sadıqov komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:

“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:

“Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik. “Turan Tovuz” ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. “Neftçi”nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ”ni də hesabdan silmək olmaz”.

“Zirə” – “Torpedo” matçı iki yubileylə tarixə düşdü

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Sumqayıtda baş tutmuş oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıblar. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanmış klublarımız 112 heç-heçə ediblər və 229 dəfə uduzublar.

Qitə kuboklarında debüt 1994/1995-ci illər mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbağça”ya 0:5 hesabı ilə uduzub.

“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilmiş “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Xatırladaq ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması gələn həftə Kutaisidə təşkil ediləcək.

Rəşad Sadıqov: “Torpedo”ya daha çox qol vura bilərdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”suna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasında bu gün Sumqayıtda baş tutmuş ilk qarşılaşma “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik.

Qarşılaşma heç də asan keçmədi. Bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir.

Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:

“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

“Torpedo”nun baş məşqçisi Dirk Şuster isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Sürpriz hazırlamışdıq, amma görünür çox güclü rəqibə qarşı oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. “Zirə”nin fərdi cəhətdən güclü futbolçuları var. İlk 30 dəqiqədən sonra bütün konsentrasiyanı itirdik, rəqib isə üstün oynadı. Bir qol buraxacağımızı gözləyirdik, amma favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Taktiki baxımdan meydan sahibləri güclü idi. 0:2-dən sonra futbolçularımız ruhdan düşdülər. Nəyisə dəyişməyə çalışdılar, amma alınmadı”.

Cavab oyunu barədə danışan mütəxəssis komandasının bir həftə sonra tamam fərqli sima göstərməyə çalışacağını deyib:

“0:3-dən sonra çətin olacaq, amma heç olmasa oyunu əlavə vaxta daşımağa çalışacağıq. Futbolda daha böyük hesablı məğlubiyyətlərdən dönüşlər olub”.

Azarkeşlərin oyundan sonra aqressiv reaksiyasına münasibət bildirən Şuster bunu müəyyən qədər normal saysa da, tribunadakı davranışı düzgün hesab etmədiyini vurğulayıb:

“Onlar məyusdurlar, bu normaldır. Amma tribunada belə davranmaq olmaz. 0:1 uduzsaydıq, belə reaksiya olmazdı”.

“Zirə” “Torpedo”ya Sumqayıtda 3 cavabsız qolla qalib gəldi

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündəki ilk sınağında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə mübarizə aparır.

Bu komandalar arasındakı ilk oyun Sumqayıtda baş tutub. Qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edib. Matçın baş hakim Yani Hüytiya olub.

“Zirə” mərhələ adlamaq üçün ilk oyunda inamlı qələbə qazanmağa borclu idi. Əks halda səfərdə bu komandanı mübarizədən kənarlaşdırmaq daha çətin ola bilərdi. Rəqibini 3 cavabsız qolla məğlub etmiş “qartallar” yaxşı üstünlük əldə ediblər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

Onu da xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

Zirə – Torpedo 3:0
Qollar: Ruan Renato, 32; 64-pen. Davit Volkov, 47.
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Vieyrinya, 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 16. Sori Mane, 22. Dato Bukiya, 39. Vircil Pinson.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 3. Rikardo Arauxo, 5. Tsotne Nadaraya, 20. Dino Skorup, 24. Luka Latsabidze, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 33. Mateo Stamatov, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili.
Baş məşqçi: Dirk Şuster.

“Zirə” Sumqayıtda “Torpedo” ilə üz-üzə

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündəki ilk sınağında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə mübarizə aparacaq.

Bu komandalar arasındakı ilk oyun Sumqayıtda baş tutacaq. Oyunu finlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakim Yani Hüytiya olacaq.

“Zirə” mərhələ adlamaq üçün ilk oyunda inamlı qələbə qazanmağa çalışmalıdır. Əks halda səfərdə bu komandanı mübarizədən kənarlaşdırmaq daha da çətin ola bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

Onu da xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

20:00. Zirə – Torpedo
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

Rəşad Sadıqov: “Hazırlıq üçün vaxtımız az idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan komandaları arasındakı ilk oyun sabah Sumqayıtda baş tutacaq.

Rəşad Sadıqov bu gün təşkil edilmiş mətbuat konfransında Kutaisi təmsilçisi ilə ilk oyundan gözləntilərini paylaşıb:

“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edirlər”.

Rəşad Sadıqov komandasındakı itkilərdən də söhbət açıb:

“Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək”.

Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:

“Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaqlar. Bütün məqamları futbolçularla danışmışıq. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəldilər. Çünki avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və futbolçular da düşərgəyə daha intizamlı gələrdilər”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Torpedo”” ilə ilk oyundan öncə fikirlərini bölüşüb:

“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq”.

Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu sabah Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 16-da baş Kutaisidə tutacaq.

❌