Normal view

Today — 21 June 2026Main stream

Rəşad Sadıqov: “İmtina etsəydik, UEFA bizi cəzalandıracaqdı”

20 June 2026 at 23:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Azərsun Arena”da “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu görüşdə 3:4 hesabıyla məğlub olub.

Rəşad Sadıqov matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Düşündüyümdən də səmərəli oyun alındı. Baxmayaraq ki, hazırlığa gec başlamışıq. Əslində isə planlaşdırdığımızdan tez başladıq, iyunun 25-də yığışmağı düşünürdük. Sonra müəyyən səbəblərə görə plan dəyişdi, amma bu oyuna qədər yenə də vaxtımız az idi. Buna baxmayaraq, futbolçularım yüksək peşəkarlıq göstərdilər. Düşünürəm ki, iki 30, bir 45 dəqiqəlik hissədən ibarət səmərəli oyun alındı. Hər bir futbolçu istədiyimiz yükləməni aldı”.

Rəşad Sadıqov Avropa Konfrans Liqasında cəzalanmış “Turan Tovuz”u əvəz etmələrinə də münasibət bildirib:

“Azərbaycan futbolunun azarkeşi olaraq, hamımız üzüldük. Xüsusilə də mən neçə illərdir, “Turan Tovuz”un çempionatımıza dönməsini, yaxşı çıxış etməsini, avrokuboklarda oynamasını istəmişəm. 32 illik həsrət vardı. “Turan Tovuz” avrokuboklara vəsiqə qazananda çox sevinmişdim. Son ana qədər gözlədik. Rəhbərliklə aramızda avrokuboklardan imtina etməklə bağlı söhbət də getdi. Qəti hazır deyildik. Mövsümün sonunda qərar vermişdik ki, yeni heyət quraq, 2-3 ilin heyətini yığaq. Elə də oldu, çoxsaylı futbolçularımız getdi. Rəhbərliklə birgə maraqlandıq. Lakin imtina etsəydik, bizi cəza gözləyirdi”.

Before yesterdayMain stream

Rəşad Sadıqov: “Bu, bizim üçün çox gözlənilməz oldu”

17 June 2026 at 02:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya rəqib olmalarını şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün ilk raundunda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşacaq.

Klubun mətbuat xidmətinə açıqlama verən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirib. O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini xatırladıb:

“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

❌
❌