“İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam” (MÜSAHİBƏ)
Azərbaycan milli komandasının sabiq üzvü, son klubu “Səbail” olan Yusif Nəbiyevin “Futbolpress.az“a müsahibəsi:
– Karyeranızla bağlı planlarınız nələrdir?
– Təkliflər var, ancaq hələ qərarımı verməmişəm. Həm I Liqadan, həm Premyer Liqadan maraq olur. Yəqin, yaxın zamanda yeni klubum bilinər.
– Sabiq klubunuz “Kəpəz”dən maraq var. Keçidiniz nə dərəcə realdır?
– Dəqiqləşən nəsə yoxdur deyə, bir şey deyə bilmərəm. Zaman göstərəcək.
– Premyer Liqa klubu ilə anlaşa bilməsəniz, I Liqada oynamağa razı olacaqsınız?
– Açığı, özüm də dəqiq bilmirəm. Fikrim Premyer Liqada oynamaqdır. Alınmazsa, vəziyyətə görə qərar verəcəyəm.
– Demək olar, altı aydır klubsuzsunuz. Bu, formanızı yığmaqda çətinlik yaratmayacaq?
– “Səbail”dən ayrılan gündən məşqlərə davam etmişəm, özümü tonusda saxlamışam. Qidadan tutmuş məşqlərə qədər diqqət etmişəm. İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam.
– Legioner limitinin ləğvindən sonra klublar əcnəbilərə daha çox üstünlük verir. Bunu nəzərə alsaq, elitada oynamaq şansınız az deyil?
– Şans həmişə var, gözləyirəm. Mən özümü maksimum hazır hiss edirəm. Şans olarsa, bundan yararlanacağam.
– Limitin ləğvi barədə nə düşünürsünüz?
– Premyer Liqada rəqabət artıb, ancaq yerli futbolçular oynamaqda çətinlik çəkir. Bu, yaxşı hal deyil. Limitin ləğvi milli komandaya da təsirini göstərir.
– Bunlar fonunda kənardan Azərbaycan futbolunun mənzərəsi necə görünür?
– Limitin ləğvi haqqında çox danışmaq olar, amma qısası deyim ki, yerli oyunçularımızın kənarda qalması yaxşı deyil. Düzdür, liqada rəqabət artdı, maraqlı mövsüm keçdi. “Sabah” çempion oldu, “Qarabağ” Çempionlar Liqasında pley-off oynadı. Bunlara limitin də təsiri var. Amma azərbaycanlı futbolçuların kənarda qalması, az oynaması yaxşı hal deyil.
Şahin Cəfərov