Normal view

Yesterday — 16 April 2026Main stream

Turan Bayramov və Əhməd Yusifovdan AÇ-də “bürünc”

16 April 2026 at 22:00

Azərbaycan cüdoçuları Turan Bayramov və Əhməd Yusifov bu gün Avropa çempionatının bürünc medalını qazanıblar.

Arena.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil edilmiş qitə birinciliyinə strart verilib.

İlk yarış günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız ikisinin çıxışı daha uğurlu alınıb.

Gültac Məmmədəliyeva (52 kq) yarışa uğurlu başlayıb. Təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeslə qarşılaşıb. Görüşdən qalib ayrılan Məmmədəliyeva növbəti mərhələyə yüksəlib. Lakin o, növbəti raundda macarıstanlı idmançı Reka Ruppaya məğlub olaraq çıxışını başa vurub.

52 kq çəki dərəcəsindəki digər təmsilçimiz Leyla Əliyeva da 1/8 finala yüksəlib. Azərbaycanlı idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb. Nəticədə Leyla döyüşmədən mərhələ adlayıb. Əliyeva növbəti raundda dünya çempionu italiyalı Odette Cuffridaya qızıl xal bölümündə məğlub olaraq çıxışını 1/8 final mərhələsində başa vurub.

48 kq-da yarışan Könül Əliyeva ilə Şəfəq Həmidovanın da siftəsi uğurlu alınıb. Könül 1/16 finalda Amber Qersyesi (Niderland), Şəfəq isə Erza Muminoviçi (Kosovo) məğlub edərək 1/8 finala yüksəlib. Əliyeva 1/8 finalda İspaniya idmançısı Laura Martines Abelendaya uduzduğu üçün mübarizəni dayandırıb. Həmidova isə 1/8 finalda İtaliya təmsilçisi, son dünya çempionu Assunta Skuttonu məğlub edib. Azərbaycanlı idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) da güclü olub. Şəfəq yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub. Bununla da o, bürünc medal uğrunda iştirak etmək hüququ əldə edib. Üçüncü yer uğrunda görüşdə Laura Martinesə (İspaniya) də uduzmuş cüdoçumuz Avropa çempionatını mükafatsız başa vurub.

İlk gündə 2 medal

Kişilərdən isə bu gün Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Turan Bayramov (66 kq) medal qazanmağa çalışıblar.

Turan 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub. Bayramov 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini də məğlub edib. 1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan təsəlliverici görüşə qatılıb. Təsəlliverici görüşdə Radu İzvoreanunu (Moldova) üstələmiş cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlmiş Bayramov bürünc medal qazanıb.

Balabəy 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb. Əhməd eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib. Ağayev 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) da qalib gəlib. Yusifov isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Bu üzdən də Yusifov təsəlliverici görüşə çıxıb. Azərbaycanlı idmançı təsəlliverici görüşdə Romen Valadier-Pikardı (Fransa) üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Balabəy də yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub. Beləcə, Ağayev də üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə iki azərbaycanlı cüdoçu üz-üzə gəlib. Əhməd Balabəylə görüşdə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan Tiflisdəki qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

❌
❌