Əyyub Buaddi 2029-cu ilədək “Lill”də!
Fransanın “Lill” klubu 18 yaşlı yetirməsi, fransalı mərkəz yarımmüdafiəçisi Əyyub Buaddi ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
Əyyubla yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti isə 2027-ci ilin 30 iyununa qədər idi.
Əyyub Buaddi “Lill” klubunun öz yetirməsidir. 2023-cü ildən əsas komandaya cəlb edilmiş fransalı futbolçu indiyə qədər meydana çıxdığı 72 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümdə Liqa 1 və Avropa Liqasında 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Buaddi Fransanın U-16, U-17, U-18, U-20 yığmalarında çıxış edib, ötən ildən U-21-ə cəlb edilir.
“Transfermarkt” internet-portalı 18 yaşlı fransalı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.