FIFA “Neftçi”yə transfer qadağası qoydu – Rəsmi
Dünyanın ən ali futbol qurumu FIFA Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” klubuna transfer qadağası qoyub.
Arena.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın rəsmi saytında dərc olunub.
Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.
Rəsmən təsdiqlənməsə də, cəzanın vaxtilə paytaxt klubunda çıxış etmiş Alessio Kurçiyə qalmış borcun tam ödənilməməsi ilə bağlı olduğu bildirlir.
“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək. Lakin paytaxt klubundan verilən məlumata görə, transfer qadağası tezliklə aradan qaldırılacaq. Bir futbolçu ilə bağlı borcun tam bağlanmasından sonra bu prolemin də yoluna qoyulacağı gözlənilir.
