Emil Həsənzadə: “Bu, bizi ruhdan salmır”
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Emil Həsənzadə Qazaxıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, millimiz iki gün öncə 2:9 hesabıyla uduzduğu qazaxlara bu gün 2:4 hesabıyla məğlub olub.
Emil Həsənzadə qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu oyunlarda bizi dəstəkləyən, hər zaman yanımızda olan, ruhdan düşməyə qoymayan insanlara təşəkkür edirəm. Aktauda bu gün ikinci oyunumuzu keçirdik. İlk qarşılaşmada nəticə ürəkaçan olmamışdı. Həmin matçda birinci hissədə yaxşı oynasaq da, sonra yorğunluq özünü göstərdi. Çünki bura oyun günü gecə saatlarında gəlmişdik. Ona qədər isə Tiflisdə iki ağır oyun keçirmişdik. Həm oyunlar, həm yol yorğunluğu, həm də gecə saatlarında gəlməyimiz təsirsiz ötüşmədi. Fiziki hazırlığımız da tam qaydasında deyildi. Buna baxmayaraq, bir gün dincəldik, zalda məşq etmək imkanımız oldu. Baş məşqçi səhvlərimzi göstərdi, daha yaxşısını necə edə biləcəyimizi dedi. Təbii ki, qarşımızda da kifayət qədər güclü və təcrübəli komanda var idi. Deyilənləri icra etməyə çalışdıq. Rəqibə rahat oynamağa imkanı vermədik. Düzdür, oyunların hamısında məğlub olduq, ancaq bu, bizi ruhdan salmır. Əksinə, baş məşqçimizin dediyi kimi, çətin oyunlarda gücümüzü sınamalıyıq ki, səhvlərimizi görək. Belə oyunlar çox olmalıdır.
Ümumiləşdirsək, aprel toplanışı çox faydalı oldu. Dörd oyunda meydana çıxdıq, hər iki rəqibimiz güclü komandalar oldu. Yenə deyirəm, yoldaşlıq oyunlarında nəticədən çox meydanda gördüyün iş vacibdir. Ümid edirəm ki, bunun xeyrini rəsmi oyunlarda mütləq görəcəyik”.