Normal view

Today — 17 December 2025Main stream

Florian Toven – Liqa 1-də noyabrın ən yaxşı oyunçusu!

17 December 2025 at 19:00

Fransa milli komandasının və “Lans” klubunun cinah hücumçusu Florian Toven Liqa 1-də noyabr ayının ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vinger noyabrda Fransa çempionatında 4 oyunda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Onun sabit çıxışı “Lans”ın mövsümə inamlı davam etməsində mühüm rol oynayıb. Tovenin komandası hazırda Liqa 1-də 37 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Toven cari mövsümdə ümumilikdə 16 qarşılaşmada meydana çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Toven cari mövsümdə 2-ci, karyerası ərzində 5-ci dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir. O, bu ilin sentyabrında, 2017-ci ilin martında, noyabrında və 2018-ci ilin yanvarında da oxşar mükafata layiq görülmüşdü.

Liqa 1-də cari mövsümün ilk mükafatçısı “Paris”in futbolçusu İlan Kebbal olub. O, avqust ayının ən yaxşı oyunçusu elan edilmişdi. Oktyabrda isə Marsel “Olimpik”inin futbolçusu Meyson Qrinvud fərqlənmişdi.

Florian Toven “Lans”a bu ilin yayında “Udineze”dən tamhüquqlu əsasda keçib. Onun Fransa klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Bu keçid “Lans”a 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl”, “UANL Tiqres” və “Udineze”də çıxış edib.

Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransız hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌