Harri Maquayr “Mançester Yunayted”lə yeni müqavilə bağladı
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr kapitanı olduğu İngiltərə klubu ilə yei müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 33 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin iyununa qədər “qırmızı şeytanlar”ın heyətində qalacaq. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.
Harri Maquayr futbola “Bransmir Atletik” klubunda qədəm qoyub, buradan “Barnsli”yə yol tapıb. Maquayrın böyük futbolda debütü “Şeffild Yunayted”də baş tutub.
Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib.
İngilis müdafiəçinin “Mançester Yunayted”lə əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Cari mövsümdə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 20 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 266 oyun, 17 qol, 9 məhsuldar ötürmə.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.
Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 66 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı ingilis mərkəz müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.