Könül Mehdiyeva “Barselona” – “Bayern” matçına təyinat aldı
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva qadınlar arasında UEFA Çempionlar Liqasına təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Könül Mehdiyeva qadınlar arasında UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Barselona” (İspaniya) – “Bayern” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən komandalar arasındakı görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Xatırladaq ki, İspaniya və Almaniya nəhəngləri arasında aprelin 25-də Münhen şəhərində keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Qadınlar arasında UEFA Çempionlar Liqasının digər finalçısının adına mayın 2-də keçiriləcək “Olimpik” (Lion, Fransa) – “Arsenal” (İngiltərə) matçında aydınlıq gələcək. Bu komandaların ilk görüşündə ingilislər 2:1 hesablı qələbəyə seviniblər.
