Normal view

Before yesterdayMain stream

Vensan Abubakar Afrika Millətlər Kubokundan kənarda qaldı

6 December 2025 at 17:00

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakar Kamerun millisinin Afrika Millətlər Kuboku üçün açıqlanmış heyətində yer almayıb.

Arena.az xəbər verir ki, 33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.

Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək. Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Kot-d’İvuar və Mozambik komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” Abubakarı oktyabr ayında heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. O, “ağ-qaralar”ın heyətində indiyədək 7 oyuna çıxıb, 5 qol vurub, 1 assist müəllifi olub.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport”, “Hatayspor” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

❌
❌