Lennart Karl Çempionlar Liqasının tarixinə düşdü
Almaniyanın “Bayern” klubunun yeniyetmə yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Alman oyunçu buna UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Portuqaliya təmsilçisi “Sportinq”ə qalib gəldikləri (3:1) oyunda fərqlənməklə nail olub.
Münhen komandasının ikinci qoluna imza atan Karl ÇL-də ardıcıl üç matçda buna nail olan ən gənc futbolçu adına sahib çıxıb. Almaniyalı yarımmüdafiəçi bunu 17 yaş 290 günlüyündə bacarmaqla yeni rekordçu olub.
Daha əvvəl fransalı Kilian Mbappe 18 yaş 113 günlüyündə Çempionlar Liqasında ardıcıl üç qarşılaşmada fərqlənmişdi.
Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 20 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Karl Almaniyanın U-15, U-16, U-17 yığmalarında forma geyinib, bu ildən isə U-21-ə cəlb edilir.
“Transfermarkt” internet-portalı 17 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.