“Qalatasaray”da İkardi dövrü bitmək üzrədir
“Qalatasaray”da son həftələrin ən çox müzakirə olunan mövzusu Mauro İkardinin gözlənilmədən ehtiyat oyunçular skamyasına məhkum edilməsidir.
Futbolpress.az xəbər verir ki, argetinalı ulduz artıq komandanın hücum xəttində əsas seçim hesab olunmur.
Viktor Osimhenin heyətə qayıtması “Qalatasaray”ın hücum planlarını tamamilə dəyişib. Bu rəqabətdə geri düşən İkardi “Göztepe” və “Kocaelispor”la keçirilən son iki rəsmi matçda cəmi 15 dəqiqə meydanda qala bilib.
Xüsusilə “Kocaelispor” matçında buraxılan qoldan sonra Okan Burukun İkardini meydana daxil etmək üçün xeyli gözləməsi diqqətdən qaçmayıb. İnsayderlər bunu baş məşqçinin ulduz futbolçuya olan baxış bucağının dəyişməsi və ona artıq “toxunulmaz” kimi baxmaması kimi qiymətləndirirlər.
Mövsümün sonunda müqaviləsi başa çatacaq 33 yaşlı qolçunun gələcəyi dumanlıdır. Klub rəhbərliyi hazırda İkardi ilə yeni müqavilə imzalamağı planlaşdırmır. Texniki heyətin mövsümün qalan hissəsində yalnız məcburi hallarda ona şans verəcəyi iddia olunur.
Bütün bu baş verənlər “Qalatasaray” və İkardi eşqinin mövsüm sonunda rəsmən bitəcəyi ehtimalını maksimuma çatdırıb.