Normal view

Today — 24 June 2026Main stream

Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin edildi

24 June 2026 at 18:00

Uels millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aaron Remzi rəsmən İngiltərənin “Oksford Yunayted” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.

“Oksford Yunayted” 2025/2026-cı illər mövsümünün yekununda Çempionşipdə 22-ci yeri tutaraq Liqa 1-ə (İngiltərə futbolunun gücünə görə üçüncü divizionu) yuvarlanıb. Gənc mütəxəssisin qarşısına komandanı yenidən Çempionşipə qaytarmaq vəzifəsi qoyulub.

Remzi təyinatından sonra klubun mətbuat xidmətinə açıqlamasında bu an üçün uzun illər hazırlaşdığını bildirib:

“Bu məqama uzun illər hazırlaşmışam. Karyeram boyunca dünyanın ən yaxşı məşqçilərindən bəzilərinin rəhbərliyi altında oynamışam və maksimum konsentrasiya tələb edən vəziyyətlərlə üzləşmişəm. Qazandığım təcrübədən istifadə edərək bu istedadlı futbolçu qrupuna yüksək standartlar, peşəkarlıq və zəhmətkeşlik mədəniyyətini aşılamaq istəyirəm”, – deyə Remzi vurğulayıb.

Qeyd edək ki, Aaron Remzi futbolçu karyerası ərzində “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunun və üç dəfə İngiltərə Super Kubokunun qalibi olub. O, həmçinin İtaliyanın “Yuventus” klubunun heyətində A Seriyasının, İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi adını qazanıb.

Sabiq yarımmüdafiəçi ötən mövsümü “Kardiff Siti”də oynayan-məşqçi kimi keçirib.

❌
❌